Borc içində üzən Ermənistan: "Paşinyanın dayaqları zəifləyir"

Ermənistanın borca girməsi Paşinyanın dayaqlarını zəiflədib
Müxalifət də bu amildən maksimum istifadə edərək ona qarşı kampaniyaya start verəcək
  2020-ci il iqtisadi böhranının nəticələrini yumşaltmaq və siyasi problemləri həll etmək üçün Ermənistan hökuməti dövlət borcunu artıraraq 9,97 milyard dollara çatdırıb.
  Ermənistan mediasından verilən məlumata görə, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16 faiz artdığı halda, cari ilin yanvar-iyul aylarında bu rəqəm 748,36 milyon dollar təşkil edib. Hazırkı hökumət isə dövlət borcunu 3,1 milyard dollar və ya 45,2 faiz artırıb.
  Qeyd olunub ki, bu ilin yeddi ayında İrəvanın daxili borcu 219,4 milyard dram və ya 18,4 faiz artıb. O cümlədən, 2022-ci ilin iyulunda Ermənistanın dövlət borcunun 58,6 faizini xarici, 41,4 faizini isə daxili borclar təşkil edib.
  Ermənistandakı dövlət borcunun Baş nazir Nikol Paşinyan höküməti üçün yaradacağı təhlükələrdən danışan politoloq Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında qeyd edib ki, ümumilikdə rəsmi İrəvanda sosial-iqtisadi durum ürəkaçan deyil: “Müharibədən sonra xarici investisiyaların yatırımı ciddi şəkildə zəifləyib. Bundan əlavə, Ermənistan uzun illər Qarabağın iqtisadiyyatından yararlanıb. Hazırda bu imkan əlindən çıxdığına görə ölkədə işsizlik, miqrasiya, sosial-iqtisadi problemlər və inflyasiya Ermənistan hökumətinin borclarının artmasına səbəb olub. Paşinyan bu borclarla sosial-iqtisadi islahatlar həyata keçirməyə çalışırdı. Lakin bu, ölkənin xarici investorlardan asılı vəziyyətinə düşməsinə səbəb oldu”.
  M.Əsədullazadə hesab edir ki, Ermənistanın borca girməsi Paşinyanın siyasi dayaqlarını zəiflədir:




“Təbii ki, müxalifət bu amildən istifadə edəcək. Növbəti mərhələlərdə ölkə iqtisadiyyatı zəiflədikcə rəsmi İrəvan beynəlxalq banklara müraciət edə bilməyəcək. Nəticədə hökumət maliyyə və kredit siyasəti, sosial, iqtisadi və siyasi islahatlar keçirməyə müvəffəq olmayacaq. Bu da xalqın Paşinyana etimadının zəifləməsinə, dövlətin gələcək perspektivdə defolta düşməsinə gətirib çıxaracaq. Bu proseslər Paşinyanın gələcək hakimiyyəti üçün təhlükəlidir. Müxalifət də bu amildən maksimum istifadə edərək ona qarşı kampaniyaya start verəcək”.
  Politoloq Zaur Məmmədovun fikrincə, Paşinyan hökuməti borcun bu həddə çatmasında günahkardır, amma Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, dövlət borcu yalnız artan templə davam edəcək:




“Bunun səbəbi yarıtmaz siyasət və ölkənin düşdüyü durumdur. Onların Azərbaycan və Türkiyə olmadan xilaslarının olmaması hər kəsə məlumdur. Ermənistan isə rəsmi Bakı və Ankara ilə danışıqlar aparmaqdansa, səfeh siyasətini davam etdirir. Nəticə etibarilə, 2018-ci ildən başlayaraq dövlət borcunun getdikcə artdığını müşahidə edirik”.