İran "ipli kuklası"nın dili ilə nə demək istəyir? - "Cənubi Azərbaycan qorxusu..."

Turan Rzayev: "Reallıq odur ki, molla rejimi bizim təxmin etdiyimizdən də çox narahatdır"
"Rəsmi Tehran yaxşı bilir ki, gec-tez cənubda bir Azərbaycan yaranacaq"
  İranın Ermənistanla münasibətləri inkişaf etdirdikcə, paralel olaraq Azərbaycana yönəlik siyasətini daha da aqressivləşdirir. Ermənilərə “qardaş” deyib bağrına basan İran hakimiyyəti Azərbaycanı açıq şəkildə hədələməkdən çəkinmir. Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verən Əbülfəz Zöhrəvəndin fikirləri bunun növbəti təsdiqidir. Zöhrəvənd deyib ki, “Azərbaycan deyə bir yer yoxdur. Onlar İran azəriləridir. Onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!”. O, həddini daha da aşaraq “Azərbaycan İran üçün qorxunc fenomen və potensial təhdiddir”, “Naxçıvan və bütövlükdə Azərbaycan İrana ilhaq edilməlidir” kimi sərsəm fikirlər də söyləyib. Xatırladaq ki, Zöhrəvənd İranın nüvə danışıqları heyətinin keçmiş üzvü, Əfqanıstan və İtaliyadakı keçmiş səfir olub. Hazırda bu şəxs daha çox İran xüsusi xidmət orqanlarına, daha dəqiq desək, SEPAH-a çalışan ekspert kimi tanınır.
  Siyasi şərhçi Turan Rzayev “Sherg.az"a deyib ki, Zöhrəvənd ona təqdim edilən konkret tezislər üzrə danışan ipli kukladan başqa bir şey deyil. Analitikə görə, onun səsləndirdiyi fikirləri birbaşa İranın molla rejiminin mövqeyi kimi qiymətləndirmək olar: “İran bununla bir daha Azərbaycana qarşı siyasətinin mahiyyətini bütün çılpaqlığı ilə elan etmiş oldu. Reallıq odur ki, molla rejimi bizim təxmin etdiyimizdən də çox narahatdır. Rəsmi Tehranın mövcud narahatlığını iki reallıq fonunda izah etmək olar. Birincisi, tarixi reallıqdır. Zöhrəvənd deyir ki, "Azərbaycan yenidən İrana birləşdirilməlidir!". Əslində onun bu ifadəsinin pərdə arxasında İranın Cənubi Azərbaycan qorxusu yatır. Rəsmi Tehran dərk edir ki, Seyid Cəfər Pişəvəri, Məhəmməd Xiyabani, Səttarxan, Bağırxan hərəkatları İranın gələcəkdə parçalanmasının tarixi bazasıdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi regionda hər kəsdən çox İranı təşvişə salıb. İranın narahatlığına səbəb heç də şimal sərhədlərində yeni bir ölkə yaranması deyildi. Bu ölkənin adının Azərbaycan olması idi. Rəsmi Tehran yaxşı bilir ki, gec-tez cənubda bir Azərbaycan yaranacaq”.



  Ekspert vurğulayıb ki, İranın nüvə silahı ətrafındakı problemlərin böyüməsi və Tehranla beynəlxalq birlik arasında gərginliyin artması fonunda Azərbaycan da 44 günlük müharibə ilə regionda reallıqları əsaslı surətdə dəyişdi: “Tehran başa düşür ki, hazırda Cənubi Azərbaycan böyük güclər tərəfindən fars şovinizmi və eksponsionizmini cilovlaya biləcək alternativ vasitə kimi nəzərdən keçirilir. Azərbaycanın əsas stateji müttəfiqlərindən olan İsrail ilə münasibətlərinin son illərdə inkişaf etməsinə fars rejimi aqressiv şəkildə reaksiya bildirir”.