Dönüşü olmayan gediş! - Rusiya Ukraynada müharibəyə nəzarəti itirib

Şoyqu arxa plana çəkilib
Rusiya Ukraynada müharibəyə nəzarəti itirib
Ona görə Putin bütün hərbi komandanlığı özünə tabe etdirib
  ABŞ-da fəaliyyət göstərən “Amerika Müharibə Araşdırmaları İnstitutu” son dərc etdiyi hesabatda Rusiya-Ukrayna müharibəsi haqqında yeni bilgilər paylaşıb. Hesabatda bildirilib ki, Ukraynadakı rus hərbi qruplaşmalarının komandirləri birbaşa Rusiya Prezidenti Vladimir Putinə tabedir. Məhz buna görə də həmin komandanlıqlar nə Müdafiə naziri Sergey Şoyqu, nə də baş qərargah rəisi Valeri Gerasimovun əmrlərinə uyğun hərəkət edirlər. Hətta o da iddia edilib ki, Rusiyanın Ukraynada apardığı və xüsusi hərbi əməliyyatlar adlandırdığı işğalçılıq müharibəsinin birinci mərhələsinin başa çatmasından sonra Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı komandanlığı Müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovdan alıb.
Politoloq Samir Hümbətov “Sherg.az"a bildirib ki, “Amerika Müharibə Araşdırmaları İnstitutu”nun paylaşdığı hesabatdan belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada apardığı işğalçılıq müharibəsinə mart ayının sonlarından etibarən artıq nəzarəti itirmək üzrədir.

  Ekspertə görə, bir neçə gün öncə Rusiyanın Ukrayna cəbhəsində aktiv döyüş əməliyyatlarının səngiməsi ilə bağlı verdiyi “hər şey plan üzrə gedir” açıqlamasından da məlum olur ki, nəzarət Rusiya Müdafiə naziri Sergey Şoyqunun əlində deyil: “Paylaşılan bu məlumatlardan belə qənaətə gəlmək olar ki, Ukrayna müharibəsindən 6 aydan artıq vaxt keçməsinə baxmayaraq Rusiya tərəfinin ciddi uğur əldə edə bilməməsinin arxasında iki önəmli səbəb dayanır. Rusiyanın Ukraynadakı qoşun qruplarında nəzarət tam şəkildə həyata keçirilə bilmir. Qərbdən Ukraynaya verilən silah-sursat və hərbi texnika dəstəyi ciddi rol oynayır. Birinci səbəb artıq məlumdur və bu vəziyyət demək olar ki, müharibədə Rusiya əleyhinə işləyən əsas amillərdən hesab edilə bilər. İkinci səbəbə gəldikdə isə burada fərqli yanaşma mövcuddur. Qərb dövlətləri Ukraynanı dəstəkləmək məsələsində birmənalı olmadıqlarını göstərirlər. Proseslərin gedişinə baxsaq, mənzərə belə görünür. ABŞ və İngiltərə Ukraynaya dəstək verir. İngiltərə baş naziri vəzifəsini müvəqqəti icra edən Boris Conson Ukraynaya gəlir. Kiyevə dəstək olduğunu bəyan edir. Amma verilən dəstək tam şəkildə həyata keçirilmir. Yardımlardan hiss edilir ki, Ukraynaya verilən dəstək müharibənin uzadılmasına hesablanıb. Digər Qərb ölkələri isə demək olar ki, Rusiya və Ukrayna arasında ikili oynamağa çalışırlar. Müharibənin uzanması Rusiyanın parçalanması prosesini sürətləndirsə də, Ukraynanı da yer üzündən silir”.