Riyakarlıq: ABŞ və Fransa yeni reallığı qəbul etmək niyyətində deyillər

“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”. 
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. H.Hacıyev bunun ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib:

 “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”. O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: "Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

ABŞ və Fransa hökumətlərinin addımını  "Sherg.az"a şərh edən millət vəkili Hikmət Babaoğlu deyib ki, Şuşada təşkil olunan  beynəlxalq konfrans Laçının faktiki işğaldan azad edilməsindən bir gün sonraya və 31 avqustda Brüsseldə keçiriləcək Ermənistan Azərbaycan liderlərinin görüşündən isə bir neçə gün əvvələ təsadüf edir.


Deputat vurğulayıb ki, konfrans üçün seçilən zaman və dəvət edilən iştirakçı kontingentin tərkibi Azərbaycanın bu konfransı təşkil etməkdə məqsədinin dünyaya xüsusi ismarıclar verməsin göstəricisi hesab edilə bilər: 

"Məqsəd bir daha postmüharibə reallıqlarının regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açmasını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi ilə Azərbaycanın Şərqi Zəngəzurda suveren hüquqlarının bərpasının başa çatmasını və bu mərhələdə artıq mümkün sülh danışıqları üçün daha real və əlverişli şərtlərin yaranmasını diqqətə təqdim etməkdən ibarətdir. Eyni zamanda Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin miqyasının nə qədər böyük olduğunu, lakin buna baxmayaraq qısa müddətdə həmin ərazilərdə necə böyük infrastruktur və enerji layihələrinin həyata keçirildiyini göstərməkdir. Bütün bunların hamısının heç bir yardım olmadan Azərbaycanın öz hesabına  həyata keçirilməsinin nümayiş etdirilməsidir. Bütün bunlar isə regionda siyasi-iqtisadi əməkdaşlıq və sabitlik üçün, rifah üçün atılan addımlardır. Bu mühüm konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri isə belə deməyə əsas verir ki, onlar regonda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Ya da regional sülh və beynəlxalq hüquq onların ikili standartlar eynəyindən fərqli göründüyü, qlobal siyasi ambisiyalarla şərtləndiyi üçün yeni reallığı qəbul etmək niyyətində deyillər".

H.Babaoğlu qeyd edib ki, bunların hər ikisi zərərlidir: 

"Beynəlxalq hüquq və normalarla izah edilən, normal siyasi məntiqlə başa düşülən deyil. Üstəlik hazırki mürəkkəb beynəlxalq kataklizmlər fonunda Avropaya sabit  alternativ enerji və nəqliyyat marşurutu təmin edən etibarlı tərfdaş kimi Azərbaycanın beynəlxalq hüquala tanınan ərazi bütövlüyünə olan münasibətin etibarsızlaşdırılması kimi başa düşülə bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şərtlər içərisində öz məqsədlərinə çatmağı bacarır. Bu prsesdə çətin imtahanlardan keçən çoxsaylı etibarlı dostlar və müttəfiqlər qazanır. Elə Şuşada təşkil edilən konfransa Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndənin qatılması da bunun əyani sübutudur".