Bütün güclər regiondakı reallıqlarla barışmalıdır

ABŞ və Fransa Cənubi Qafqazda sülhə əngəl ola bilməzlər
Bir müddətdən sonra bu ölkənin səfirləri Şuşaya da, Laçına da səfər edəcəklər
  Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, postmüharibə dövründə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. Konfransa Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər daxil olmaqla ümumilikdə 160-dan çox təmsilçi qatılıb. Lakin ABŞ və Fransa diplomatları tədbirdə olmaqdan imtina edib. İki ölkə səfirinin bu davranışı Azərbaycan rəsmiləri tərəfindən çox sərt qarşılanıb və rəsmi Bakıya hörmətsizlik sayılıb. Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, dəfələrlə dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina ediblər. H.Hacıyevin sözlərinə görə, bu, onların “Azərbaycanın ərazi bütövlüyünü tanımaması” kimi qiymətləndirilməlidir. Gözlənildiyi kimi ABŞ-ın Azərbaycandakı səfirliyi tənqidlərə cavab verib. Açıqlamada qeyd olunub ki, “Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər”. Göründüyü kimi, söhbət Şuşa səfərindən imtinadan getdiyi halda səfirlik cavabında işğaldan azad olunmuş digər bölgələrdən bəhs etməkdədir. Əslində səfirlik “Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib” deyərək növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyur. Belə çıxır ki, Amerika Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın “bütün ərazilərinə” aid olmadığını düşünür və bunu dolayı yolla bu cür ifadə edir. Digər yandan səfirlər Şuşaya getməkdən imtina etməklə erməni separatizmini stimullaşdırmağa çalışırlar. Təsadüfi deyil ki, diplomatların Şuşaya getməkdən imtina etməsindən sonra erməni separatçılarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına təriflər yağdırırlar. Onu da qeyd edək ki, hazırda Azərbaycan ərazisində sülhməramlıları yerləşən Rusiyanın səfiri Şuşaya səfər etməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini nümayiş etdirib.
  Millət vəkili Azər Badamov “Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ və Fransa müharibənin bitməsini və sülh müqaviləsinin imzalanmasını istəmir. Deputatın sözlərinə görə, bundan belə bir nəticə çıxartmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 il davam etməsinin səbəbkarları məhz həmin iki ölkə olub: “ABŞ və Fransa səfirlərinin dəvətimizi qəbul etməməsi birinci növbədə Azərbaycana qarşı hörmətsizlikdir. Deməli, bu dövlətlər üçün beynəlxalq hüquq, ədalət boş şeydir. Onlar ancaq öz mənafelərinə və maraqlarına xidmət edən siyasət yürüdürlər. ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransa bu illər ərzində ədalətli mövqedən çıxış edərək Ermənistana təsir göstərsəydi, münaqişə çoxdan bitərdi. Müharibəyə ehtiyac qalmazdı. Hətta 44 günlük Vətən müharibəsi zamanı bu ölkələr BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul etmək istəyirdilər. Amma bizə dost ölkələr o zaman Azərbaycana qarşı qətnamənin qəbul olunmasını bloklamışdılar. Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etdiyi haqqında da xəbərlər yayıldı. Amma Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla bağlı bu ölkə ilə eyni təşkilatda təmsil oluna bilməyəcəklərini də bildirmişdilər. Bu o demək idi ki, faktiki Minsk qrupu yoxdur. Həm də biz ərazi bütövlüyümüzü təmin etməklə münaqişəni bitirmişik. Minsk qrupunun fəaliyyətini də "pensiyaya" göndərdiyimizi elan etmişik”. Parlament üzvü qeyd edib ki, Cənubi Qafqazda sülhün yaranması Vaşinqton və Parisin siyasətinə, maraqlarına uyğun gəlmir: “Onlar regionda gərginliyin olmasının və özlərinin daima mövcudluğunun qorunmasının marağındadır. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara uyğundur. Ona görə də onlar məsələlərə birbaşa müdaxilə edə bilmədiyindən ancaq uzaqda dayanaraq xoşa gəlməyən belə hərəkətlərlə mövqelərini bildirirlər”.
  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “ABŞ-ın və Fransanın səfirləri Şuşaya niyə getmək istəmirlər” sualını bu cür cavablandırıb: “Bu sualı adıçəkilən ölkələrdən birinin səfirinə, digərinin isə müşavirinə vermişəm. Cavablarından aydın olub ki, Şuşaya səfər etmək üçün hər iki səfir öz ölkələrinin rəsmilərinin icazəsini almalıdırlar. Belə bir icazə olmadığına görə, ABŞ və Fransa səfirləri Bakının Şuşaya səfər etmək dəvətindən hər dəfə imtina edirlər. Onda sual olunur: Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir? Görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır. Eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Füzuliyə səfərdən imtina etmirlər. Diplomatlar səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir. Halbuki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir “status” verilməyəcək. Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən ehtiyat edirlər. Hər iki səfir Şuşaya getsə, erməni lobbisi onların Xankəndinə enmələrini tələb edəcək, separatçılarla görüşə isə rəsmi Bakı icazə verməyəcək. ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcəklər. Başqa alternativləri yoxdur”.
  Real Partiyasının sədr müavini Natiq Cəfərli Avropa Birliyi və ABŞ-ın Ermənistanı öz orbitlərində saxlamaq cəhdlərini anladığını deyib. Ekspert vurğulayıb ki, Paşinyanın da Kremldən qopmaq cəhdləri var: “Amma ABŞ və Fransa indiki durumda bir tək Ermənistana xoş gələn addımlardan çəkinməlidir. Balansı qorumalı, Azərbaycan-Qərb münasibətlərinə xələl gətirməmək üçün daha strateji düşünməlidirlər. Ermənistanın Rusiyadan qaçmaq üçün yeganə yolu Azərbaycan və Türkiyə ilə yaxınlaşmasıdır, başqa yol yoxdur. Ermənistan bunu anlamağa başlayıb, Qərb də bu durumu bilir. Ona görə də müəyyən jestlərlə bu gün Ermənistanda yerlə-bir olan Rusiya imicinin yerini tutmağa çalışır. Əgər belədirsə, danışıqlı oynamaq istəyirlərsə, bunun da yolları var. Təki sonda bölgəmizdə daimi və ədalətli sülh qurulsun. Ədalətli sülhün yolu isə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə iqtisadi-sosial-siyasi inteqrasiyasından keçir. Bu inteqrasiyanın qarşısında duran ən böyük maneə isə bölgədə müvəqqəti və hüquqi olaraq mandatsız yerləşən “rusməramlı” qüvvələrdir”.