Brüssel görüşündən nə gözlənilir? - TƏHLİL

Paşinyan Brüsseldə İlham Əliyevdən möhlət istəyəcək
Budəfəki müzakirələrdən Bakı böyük üstünlüklə çıxacaq
  Avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının növbəti raundunun keçirilməsi gözlənilir. Budəfəki müzakirə masası Avropa İttifaqının səyi və təşəbbüsü ilə qurulacaq və sülh gündəliyinin keyfiyyətcə yeni mərhələsini özündə əks etdirəcək. Ekspertlərin fikrincə, liderlərin Brüssel görüşü və müzakirə olunacaq məsələlər avqust ayı ərzində Azərbaycanın öz xeyrinə çevirdiyi iki hadisənin bundan sonra əldə olunacaq nəticələrlə sinxronlaşdırılması baxımından önəmlidir. İlk olaraq Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə antiterror əməliyyatının presedentini əyani şəkildə göstərdi. Digər yandan Azərbaycan 10 noyabr Bəyanatında nəzərdə tutulan Laçın dəhlizinə alternativ marşrutun tikintisi ilə erməni əhalinin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxışını təmin etdi. Bu həm də Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılmasına aid əsas nümunə kimi də qiymətləndirilməlidir.
  Siyasi şərhçi Aqşin Kərimov “Sherg.az"a bildirib ki, Azərbaycan müharibəni dayandıran bəyanatın bəndlərinin istisnasız icra edilməsi şərtlərini və prosesin yubadılmasına cəhdlərin mənasız olduğunu praktiki şəkildə göstərib. Analitik vurğulayıb ki, Azərbaycan üçün Qarabağ məsələsi artıq xarici siyasət istiqamətindən daxili tənzimləmə mexanizminə çevrilib: “Ona görə də sərhədlərin müəyyən edilməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi mövzusu danışıqların prioritetlərində ön səfdə dayanacaq. Sərhədlərin delimitasiyasına dair tələblərimiz Bakının diktəedici şərtlərinin miqyasının genişlənməsi, Türkiyənin strateji dəstəyi, Rusiyanın Bakı ilə tərəfdaşlığı, Qərbin reallıqlarla barışması fonunda daha da konkretləşir. Azərbaycan yaranmış fürsətləri və regionda gedən prosesləri böyük məharətlə öz xeyrinə dəyişdirdiyindən sərhədlərə baxış bucağını da böyütməsi siyasi müstəvidə normal qarşılanmalıdır. Ermənistan sərhəd mövzusunda diqqətli olmalıdır. O mənada ki, iki dövləti ayıracaq zolaq boyunca hər hansı təxribatın cavabı İrəvan üçün daha sarsıdıcı ola bilər. İlk olaraq nəzərə almaq lazımdır ki, artıq Azərbaycanın Laçın və Kəlbəcərdəki mövqeləri Ermənistanın taktiki və strateji dərinliklərinin vizual-kəşfiyyat nəzarəti altında saxlanılmasını təmin edir. Digər tərəfdən Naxçıvanın Ermənistanla sərhəd zonasında da ordumuzun hərbi-taktiki üstünlüyünü təmin edən mövqelərdə bərkimə işləri həyata keçirilib. Bu, paytaxt İrəvana doğru açılan qapıdır”.

  A.Kərimova görə, İrəvan başı üzərində Azərbaycanın təsirini, strateji ağırlığını hiss etməkdədir: “Paşinyan danışıqlarda Azərbaycandan möhlət istəmək məcburiyyətini bir daha nümayiş etdirəcək. Ancaq Paşinyan möhləti Azərbaycana qarşı vaxt uzatmaq həddinə gətirməməlidir. Buna görə də konkret vəd verməli və sərhədlərin delimitasiyasından məqsədyönlü yayınmayacağını bildirməlidir. Paralel olaraq isə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinin inşasına, qrafikinə dair cədvəli təqdim etməlidir. Brüssel danışıqlarının xarakteristikası və bunun nəticələri Azərbaycanın xeyrinə doğru sürətlə dəyişən başqa prosesləri gündəmə gətirəcək. Paşinyan Azərbaycanın əlinə digər strateji imtiyazlar vermək məcburiyyətində qalacaq”.