İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır


"Prezident İlham Əliyevin İtaliyaya səfəri yeni əməkdaşlıq perspektivlərinin reallaşmasına töhfə verəcək".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov deyib. 

Deputat vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın güclü iqtisadiyyata malik və uğurlu beynəlxalq siyasət yürüdən ölkəsidir: 

"Həmçinin, Azərbaycan dünya coğrafiyasında Avropa ilə Asiya arasında əlaqələndirici missiyanı öz üzərinə götürüb. Bu gün dünya siyasətində baş verən dəyişikliklər və Rusiya-Ukrayna müharibəsinin gətirdiyi yeni reallıqlar Azərbaycanın müasir dünya düzənində əhəmiyyətini daha da artırıb. Ölkəmizin ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri, Xəzər dənizinin potensialından səmərəli istifadə edilməsi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər dünya iqtisadiyyatının böhran yaşadığı bir zamanda yaratdığımız yeni perspektivlərdir".

Parlament üzvü qeyd edib ki, yeni reallıqlar fonunda Avropa İttifaqı ölkələri ilə əməkdaşlığımızda İtaliya birinci yerdə dayanır: 

"İtaliya dünyanın ən iri iqtisadiyyatı olan 8-ci ölkədir. Eyni zamanda, “Böyük yeddilik” ölkələri ilə iqtisadi əməkdaşlıqda da birinci yerdədir. Bu ölkə Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır. Cari ildə ölkələr arasında münasibətlərin qurulmasının 30 illiyi tamam olur və belə bir əlamətdar ildə Prezident İlham Əliyev İtaliyaya səfər edib. Müstəqillik illərində Azərbaycan uğurlu iqtisadi siyasət yürüdərək öz enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq, həmçinin yeni ixrac marşrutlarını ərsəyə gətirmək üçün önəmli layihələrə imza atıb. İtaliya Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin (BTC) tikintisində yaxından iştirak edib və bu gün neft məhsullarına olan tələbatının 100 faizə qədərini məhz Azərbaycandan idxalla qarşılayır. İtaliya həm də Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində dəstək verən ölkələr arasında ön sırada dayanır. Azərbaycanın “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin vaxtında reallaşması sayəsində İtaliya digər ölkələrə nisbətən enerji təhlükəsizliyini təmin etmiş ölkəyə çevrilib. Aİ ilə əldə olunmuş razılığa əsasən TAP vasitəsilə nəql olunan mavi yanacağın həcminin iki dəfəyə qədər artırılması nəzərdə tutulur. Bu proses də İtaliya bazarına ixrac etdiyimiz qazın həcminin artması deməkdir”.

Azər Badamov vurğulayıb ki, bu gün Azərbaycan siyasi sabitliyini təmin edən, dinamik iqtisadiyyata malik olan ölkədir: 

"Həm də Azərbaycan etibarlı tərəfdaş kimi imzalanmış müqavilələrin icrasında məsuliyyətli olduğunu sübut edib. Bundan əlavə, ölkəmizlə əməkdaşlıq edən beynəlxalq tərəfdaşlar fayda görürlər. Bu gün ölkəmizin investisiya mühiti çox faydalıdır və beynəlxalq investorlar üçün də əlverişlidir. Dövlətimizin başçısının İtaliyaya səfəri həm ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, həm də Avropa İttifaqı ölkələri ilə əməkdaşlığımızın genişləndirilməsinə təkan verəcək".