Xarakterinə görə, Marqaret Tetçerə bənzədirlər

Liz Trass Ukrayna və Rusiyaya münasibətində daha açıq mövqe ortaya qoyacaq və daha sərt sanksiyalar tələb edəcək

  Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib. Trass partiya lideri və baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək. Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı xələfi kimi təqdim etməlidir. Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq. Qeyd edək ki, L.Trassın 47 yaşı var, 11 ay xarici işlər naziri olmaqla, 3 baş nazirin hökumətində altı nazir vəzifəsində çalışıb. Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir. 
  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev   "Şərq"ə bildirib ki, sabiq baş nazir Boris Consonun Böyük Britaniyada vəzifə başına gəlişi ilə London üçün yeni səhifə açılmışdı. Partiya rəhbəri qeyd edib ki, mühafizəkarlar partiyasında daha praqmatik, aktiv və realist xətt yaranmışdı: "Consonun zamanında bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləri ön plana çıxmışdı. Lizz Trassın gəlişi bu xətti daha da gücləndirəcək. Xarakterinə görə, Marqaret Tetçerə bənzədilən Trass Ukrayna və Rusiyaya münasibətində daha açıq mövqe ortaya qoyacaq və daha sərt sanksiyalar tələb edəcək. Böyük Britaniyanın Qafqaz siyasətində hər hansı dəyişikliyin olacağı gözlənilmir.   Azərbaycan-Böyük Britaniya münasibətlərinin dərin tarixi kökləri var. Bu münasibətlər neft siyasəti üzərində qurulsa da, artıq ənənəvi siyasi münasibətlər də formalaşıb. Trassın bir zamanlar "SHELL" neft və qaz kampaniyasında iqtisadçı direktor vəzifəsində işləməsi neft sənayesində əlaqələrimizin daha da güclənməsinə xidmət edəcək".