Vardanyanın "Qarabağa köçməsi" piardır

Milyarderin əsl məqsədi Ermənistanın lideri olmaqdır

"Vaxtilə qərbpərəst Saakaşvili də oxşar senari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı"

  Ruben Vardanyan adlı rusiyalı milyarderin Xankəndinə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi son günlərin müzakirə edilən mövzularındandır. Erməni mediasının materiallarından görünür ki, ictimaiyyət Vardanyanın açıqlamalarından daha çox onun indiki məqamda belə bir qərar verməsini, daha doğrusu, əsas məqsədini başa düşməyə çalışırlar. Ekspertlərə görə, Rusiya və Ermənistan vətəndaşı olan milyarder Ruben Vardanyanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi əraziyə köçməsi siyasi planın tərkib hissəsidir. 

Onların fikrincə, Azərbaycanın sərhədlərini qanunsuz keçən Vardanyanın yerli əhalidən biri olmadan Qarabağda yaşaması cinayətdir. Ona görə də Rusiya sülhməramlı qüvvələri Ruben Vardanyanın Azərbaycan ərazisinə keçməsinin qarşısını almalıydı. Rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrindən həmin şəxsin Qarabağdan çıxarılmasını tələb etməlidir. Bəzi şərhçilərə görə, Ruben Vardanyanın Qarabağa köçürülməsini və burada siyasi fəaliyyətə başlamasının arxasında Rusiya durur. 

  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Vardanyan Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, cəmiyyətdə reklamı az gedərdi. İndiki halda "milyarder Vardanyanın işini-gücünü ataraq ermənilər üçün ağır dönəmdə "Qarabağa köçməsi" onun üçün xalq arasında ən yaxşı piardır: 

"Qarabağla bağlılığı olmayan, İrəvanda doğulub orta məktəbə gedən, Türkiyəyə dəfələrlə səfərlər edən Vardanyanın özünü "vətənpərvər" kimi təqdim etməsinin səbəbi hakimiyyətdir. Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır. Maraqlı nüans ortaya çıxır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar senari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq. Təsadüfi deyil ki, Nikolun ailəsi tərəfindən idarə olunan informasiya resursları Vardanyanın gəlişinə ümumilikdə susmaqla, iki məqalədə isə tənqidlə cavab verdilər. Bəs revanşistlərin Vardanyanla hansı əlaqəsi var? İşxan Saqatelyan və gəncləri çıxmaqla qocaman siyasətbazların Rubenlə uzun müddət idi ki, biznes əlaqələri mövcud idi. Koçaryan indiki halda yaxşı başa düşür ki, Ermənistan daxilində Paşinyana seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, Koçaryanın ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc etməkdədirlər. Maraqlı məqam Koçaryanın avqustda ölkəni bir müddətlik tərk etməsi idi. Kim bilir, bəlkə də onlar arasında xaricdə görüş baş tutub".

  Analitik vurğulayıb ki, Vardanyan indiki Ermənistan müxalifətindəki personalardan fərqli baxış bucağını son müsahibədə ortaya qoyub: 

"Bəyanatında müharibələrdə iştirak etmədiyini, qonşularla sülhün vacibliyindən danışıb. Bu taktika isə, sözsüz ki, Paşinyanın elektoratının oğurlanmasına hesablanıb.
  Onun biznes düşüncəli olaraq bu illər ərzində milyardlar əldə etməsi, bir dəfə də Qarabağa gəlməməsi, Rusiyadan çıxıb gəlməsi əsas hədəfin məhz - geosiyasi kontekst olduğu fikrini aktual edir. Hələ 2021-ci ilin yayında Ruben Vardanyan Ermənistana gələrək siyasətlə məşğul olmaq istədiyini bəyan etmişdi. Xatırladım ki, Vardanyanın kompaniyalarına qarşı son 5 ildə İtaliya, İspaniya, Almaniya tərəfindən yoxlanmalara başlanılıb. Hətta 2019-cu ildə Avroparlamentin 22 deputatı açıq məktubla Avrokomissiyanın ovaxtkı rəhbərinə müraciət etmişdilər. Onun şirkəti 80-dən artıq şirkətin milyardlarla dollarının ofşorlara transfer edilməsində, çirkli pulların yuyulmasında günahlandırılır. Beləcə, Ruben Vardanyan Qarabağa necə gəlibsə, elə də ordan rədd olacaq. Ermənistanı isə maraqlı siyasi proseslər gözləyir".