Ermənistan KTMT-nin sıralarından çıxa bilər

"Ancaq bu, birmənalı olaraq Moskva-İrəvan əlaqələrinin ciddi şəkildə pozulması ilə nəticələnər"


  “KTMT Ermənistanın bütövlüyünü tanımır və orada olmaq mövcudluğumuza ziddir” . Bunu Ermənisanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib. Babacanyanın fikrincə, ya Ermənistan, ya da Ermənistanın KTMT-də mövcudluğu, başqa yol yoxdur: "Biz qərar qəbul etmək üçün bununla çox soyuq və ayıq şəkildə üzləşməliyik. Ermənistan dünyadan dəstək almaq üçün Ukraynanın ərazi bütövlüyünü tanıdığını əvvəlcədən bəyan etməlidir”. Ermənistanın Avropa Partiyasının sədr müavini Nerses Zeynalvandyan da bildirib ki, KTMT deyə bir şey yoxdur, Rusiya onu regionda öz təsirini saxlamaq üçün yaradıb: "Biz ontoloji problemlə üz-üzəyik və bu problem Rusiyadan qaynaqlanır. Biz çox tez düşünməliyik ki, Rusiyanı buradan nəzakətlə necə çıxaraq”.

  Ermənistanda hərbi blok əleyhinə səslənən şüarları "Şərq"ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İrəvan uzun müddət çalışıb ki, Azərbaycanla apardıqları müharibə KTMT müstəvisinə daşınsın. Analitik vurğulayıb ki, bu, Ermənistan üçün strateji hədəflərdən biri olub: 

"Ermənilər həm İkinci Qarabağ müharibəsini, həm də sentyabr döyüşlərini əllərində əsas edərək üzv olduqları hərbi təşkilatı prosesə çəkmək üçün əllərindən gələni etdilər. Ancaq buna nail ola bilmədilər. Çünki KTMT öz prinsiplərinə, nizamnamələrinə uyğun davrandı. 

Qurum rəhbərliyi və orada təmsil olunan dövlətlərin başçıları dəfələrlə vurğuladılar ki, Azərbaycan Ermənistan ərazilərinə hücum etməyib. Yəni hərbi təşkilatın rəsmiləri İrəvanın əsl niyyətini və bəhanə axtardığını yaxşı bilir. Ermənilər istədiklərini ala bilmədiklərini, qurumun onları müdafiə etmədiyini əsas gətirərək təşkilatdan ayrılmaq tələblərini dilə gətirirlər. Şübhəsiz, bu məsələdə ABŞ təmsilçisi Nensi Pelosinin Ermənistana səfəri və İrəvanı təhrik etməsi də mühüm rol oynayır". 

  Ekspert düşünür ki, Ermənistan KTMT-dən çıxa bilər: 

"2023-cü ildə bu məsələyə baxılacağını bəyan ediblər. Ancaq bu, birmənalı olaraq Moskva-İrəvan əlaqələrinin ciddi şəkildə pozulması ilə nəticələnər. Kremlin sərt cavab addımları isə Ermənistan üçün siyasi-iqtisadi xaosa səbəb olar. Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən anti-Rusiya siyasəti yeridib. Son günlər yaşanan hadisələr erməni hökumətinin əlinə bəhanə verib ki, anti-Rusiya isteriyasını daha da gücləndirsin".