Makron Ermənistana "ayı xidməti" göstərir


  Fransa Prezidenti Emmanuel Makron son müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin mövqeyinin qərəzli olduğunu növbəti dəfə isbatladı. Həmçinin, Fransanın vasitəçiliyinə zərbə vurdu. Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası Makrona məxsus idi. Əlbəttə, vasitəçi tərəfsiz olmalıdır. Ancaq Makron dözmədi və növbəti dəfə bu adi prinsipi pozdu. Halbuki, ondan əvvəlki prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə simpatiyalarına baxmayaraq, Azərbaycan əleyhinə açıqlamalardan çəkinirdilər. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “mərkəzindədir”. Makron Ermənistanla Azərbaycanın xəritəsini səhv salıb. Diqqətlə baxsaydı, Qarabağın Azərbaycanın içərisində olduğunu və Ermənistanla sadəcə dəhlizlə birləşdiyini görərdi. İctimaiyyət nümayəndələrinin fikrincə, rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir. Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmur, eyni zamanda elə Ermənistana da "ayı xidməti" göstərir. Çünki Makron müsahibəsində, guya, Rusiyanın Azərbaycanı dəstəklədiyini vurğulayaraq Parisin ermənilərin yanında yer aldığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi Makronu tənqid edən bəyanat yayıb. Bəyanat həm də İrəvana mesajdır ki, Makrona minnətdarlıq Kremlin qəzəbinə tuş gəlmək deməkdir. Makronun müsahibəsində “Fransa Azərbaycandan qaz alımır” yalanı da Fransaya baha başa gələ bilər. Fransanın nəhəng “Total” şirkəti Azərbaycanın “Abşeron” yatağında əsas opreatorlardan biridir. Dövlət Neft Şirkəti ilə birgə 50 faiz paya malikdir. Makron belə davam edərsə, pay bölgüsünə yenidən baxmaq lazım gələcək. Azərbaycanla Ermənistan arasında 3 vasitəsçi - Rusiya, ABŞ və Avropa İttifaqı var. Fransa dördüncü vasitəçi kimi özünü sırımağa çalışır. Ona görə də Makronun ermənipərəst mövqeyini əlimizdə rəhbər tutaraq Parisin vasitəçi təşəbbüslərindən imtina etməliyik. Fransa Avropa İttifaqının üzvüdür, odur ki, Brüsselin vasitəçiliyi yetərlidir.
  Azərbaycan Xarici İşlər Nazirliyi də Makrona cavab verib. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir: "Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik. E.Makron təəssüf ki, bugünədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə susub. Buna rəğmən, rəsmi Bakı Fransa prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə "yox" deməyib. Bugünədək Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altına alır.
  Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”.
  Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşir "Sherg.az"a deyib ki, Makron Azərbaycanın tarixi qələbəsinə qarşı ciddi təxribatlara cəhd edir. Onun sözlərinə görə, Fransanın təmsil olunduğu ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsi üçün deyil, idarə olunması üçün yaradılmışdı. Deputat bildirib ki, bunu biz Minsk Qrupunun fəaliyyətində hər zaman müşahidə etmişik: “Minsk Qrupu fəaliyyətdə olduğu müddətdə münaqişəni bəlli maraqlar çərçivəsində idarə edib. Bu maraq əsasən Ermənistanın işğalçılıq siyasətinə leqallıq donu geydindirməkdən ibarət olub. Fransa Prezidenti Emmanuel Makron öz müsahibəsində bunu açıq etiraf etdi. Makron öz fikirləri il göstərdi ki, Azərbaycanın tarixi qələbəsinə qarşı ciddi təxribatlara cəhd edir. Bu təxribatların başqa xarakter alma ehtimallarını nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən, Makron aşkar büruzə verdi ki, Qərb Rusiya ilə münasibətlərini həm də Cənubi Qafqazda həll etmək niyyətindədir. Bu da bütövlükdə regional təhlükəsizliyə qarşı ciddi qəsd cəhdidir. Makronun bu mövqeyinə qarşı sərt ictimai qınağın da sərgilənməsi çox vacibdir”.
  Deputat Fəzail Ağamalı da bildirib ki, Prezident Makronun Azərbaycan dövlətinə qarşı sərsəm fikirlər söyləməsi birinci hal deyil: “O, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməli deyil, çünki o, birmənalı şəkildə Ermənistanın yanındadır. Ermənistanın “sülhpərvər və tolerant olduğunu” iddia edən Fransa prezidentinin fikirlərinə tutarlı arqumentlərlə etiraz edib. O deyib ki, Fransanın siyasətini neft-qaz siyasətinə dəyişməyəcəyini iddia edən Makron əslində özünün şərəf və ləyaqətini erməni pullarına satıb. Biz Fransa ilə münasibətlərimizə, diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və bununla bağlı XİN-in mövqeyini gözləyirik”.
Parlament üzvü Musa Qasımlı da deyib ki, son günlər Fransa Prezidenti Emmanuel Makron siyasi etikaya, dövlətlərarası münasibətlər sisteminə sığmayan açıqlamalar verir. O qeyd edib ki, Makronun bu cür bəyanatlarla çıxış etməsinin bir səbəbi var: “Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Ona görə də belə çıxışlar çox olacaq və belə çıxışları bundan sonra da gözləməliyik. Amma bu çıxışların heç bir nəticəsi olmayacaq. Makron əgər bu açıqlamalarını davam etdirəcəksə, o zaman Fransa bütün Qafqazı itirəcək”.