Sülh müqaviləsinin detalları müzakirə olundu - İlin sonuna qədər...


Hədəf ilin sonuna qədər Cənubi Qafqazda dinclik yaratmaqdır, ancaq prosesə mane olan qüvvələr də var
  Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın paytaxtı Astana şəhərində üçtərəfli görüş keçirilib. Görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi müzakirə olunub. Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, görüşün Düşənbədən sonra inkişaflar üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib. Sülh müqaviləsi ilə bağlı Cenevrədə 2 oktyabr tarixində ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Görüşdə, eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib. Nazir üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb. O cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib.
  Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Azərbaycanla sülh müqaviləsinin mətnində Qarabağla bağlı bənd ola bilməz. Onun sözlərinə görə, Ermənistanın heç vaxt qonşu ölkəyə ərazi iddiası olmayıb. Qarabağın Azərbaycanın tərkibində olmaması ilə bağlı bənd rəsmi Bakı ilə gələcək sülh müqaviləsinə daxil edilə bilməz: "Belə bir bəndin salınması Azərbaycanın eyni tələblər irəli sürməsinə səbəb ola və sülh müqaviləsinin həyata keçirilməsini mümkünsüz edə bilər. Düşünürəm ki, Ermənistan və Azərbaycanın imzalayacağı mümkün sülh müqaviləsində belə bir bənd olmamalıdır. Bu, eyni tələblərin irəli sürülməsinə səbəb ola bilər. İkincisi, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb. Ərazinin göstərilməsi isə mümkün sülh müqaviləsinin icrasını yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə endirəcək”.
  Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq. O bildirib ki, həmin sənədlərə əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər arasında dövlət sərhədlərinə çevrilib: "Bildiyiniz kimi, biz Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Bu kontekstdə MDB-nin rolunun vacibliyini qeyd etməyi zəruri hesab edirik. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Komissiyanın yaradılması barədə razılıq 2021-ci il noyabrın 26-da Soçidə Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüşü zamanı əldə olunub”.
  Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Şərq"ə deyib ki, Ermənistanla-Azərbaycan arasında sülhün əldə olunması və tərəflərin bəyan etdikləri şərtlər daxilində sülh müqaviləsinin imzalanması dünyanın təlatümlü regionlarından biri olan Cənubi Qafqaza bir qədər dinclik gətirərdi. Partiya rəsmisinin sözlərinə görə, davamlı sülh həm uzun illər münaqişələrin və müharibələrin ağrısını acısını yaşayan xalqlar üçün, həm də dünyanın nüfuz və təsir dairəsi uğrunda böyük güclərin apardığı qanlı mübarizə fonunda Cənubi Qafqazın artan geopolitik önəmi fonunda çox vacibdir: "44 günlük müharibədə zəfər qazanan Azərbaycan demək olar ki, qüvvələr nisbətini dəyişdi. Üstəlik, Ankara-Bakı müttəfiqliyi Qərbi məcbur etdi ki, Xəzər hövzəsinə və Azərbaycan-Ermənistan münasibətlərinə ciddi düzəlişlər etsin. Bu baxımdan anlayırlar ki, Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmasa, bu iki dövlət arasında sülh müqaviləsi imzalanmasa, regionda dayanıqlı sülhdən və təhlükəsizlikdən danışmaq qeyri-mümkündür. Eynən də Qərbin uzunmüddətli və strateji planlarının həyata keçirilməsi real görünmür".
  Ə.Orucluya görə, son dövrlər Qərb, Rusiya, İran və Türkiyə regionla bağlı diplomatik fəallıqlarını artırmaqdadır: "Bəzən buna sərt ritorika və güc çalarları da əlavə olunur. Xüsusən İran və Rusiya tərəfindən Cənubi Qafqaz, xüsusən, əsas halqa olan Azərbaycan uğrunda ciddi rəqabət gedir. Heç bir tərəf təşəbbüsü əldən vermək istəmir. Azərbaycanı itirməmək üçün Ermənistana təzyiqlər edilir ki, normallaşma sürəcini sürətləndirsin. Məhz buna görə də Ermənistanla Azərbaycan arasında yetkili şəxslərin həm ikitərəfli, həm çoxformatlı təmasları intensivləşib. Astanada yenidən xarici işlər nazirləri Lavrovun iştirakı ilə bir araya gəlib, sülh müqaviləsinin detallarını bir daha müzakirə etdilər. Rusiya prezidenti Paşinyan və cənab İlham Əliyevi Moskvaya görüşə dəvət etdi. Ancaq prosesi ləngidən və buna mane olan qüvvələr də var. Məsələn, Avropa Birliyi sülh müqaviləsinin tezliklə imzalanmasını təşviq etsə də, Birliyin ən böyük və nüfuzlu üzvü olan Fransa destruktiv mövqe sərgiləyir. İran isə hədə və güc dilindən danışmaqdan çəkinmir. Beynəlxalq Erməni Diasporu da sülh müqaviləsinə qarşı çıxır. Xankəndidə məskunlaşmış qondarma rejimin "nümayəndələri" də Rusiyanın fəal dəstəyi və himayəsi altında cəsarətdə bulunurlar. Əlbəttə, deməzdim ki, rəsmi Moskva Ermənistan-Azərbaycan arasında normallaşmanı arzulayır və buna can-başla çalışır. Moskva ikili oynayır. Prosesləri təhlil etdikdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin sonunadək bağlanması mümkün görünmür. Məncə, Ermənistanın özü də bunu istəmir və həvəssiz yanaşır. Üstəlik, humanitar, siyasi, psixoloji və digər problemlər qalmaqdadır. Amma gec-tez sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan da özünü bundan sonrakı proseslərə hazırlamalıdır".