10 ildən sonra ilk görüş... - İsrail Türkiyəni bölgənin qlobal aktoru kimi görür


"İki dövlət bundan sonra vəziyyəti gərginləşdirəcək məqamların üzərinə getməyəcək"
  Ankarada İsrailin Müdafiə naziri Benni Qantz ilə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib. Bu, Türkiyə ilə İsrail müdafiə nazirləri arasında 10 ildən sonra baş tutan ilk görüşdür. Qantz Türkiyəni önəmli tərəfdaş kimi gördüklərini, təhlükəsizlik məsələlərində əməkdaşlığa hazır olduqlarını bəyan edib. O, 10 il əlaqələrin olmamasını təəssüflə vurğulayıb. Həmçinin, Türkiyə tərəfinə ölkə ərazisində İsrail vətəndaşlarına qarşı planlanan təhdidlərin qarşısını aldığı üçün təşəkkürünü bildirib: "Prezident Ərdoğan, nazir Akar və təhlükəsizlik orqanlarına təşəkkür edirik. İnanıram ki, günahsız dinc əhaliyə qarşı terroru dəstəkləməklə və ya həyata keçirməklə regionlarımızda sabitliyi pozanların təsirini azaltmaq üçün birlikdə daha çox şey etmək olar. Bu, Fələstin mövzusuna da aiddir və mən əminəm ki, ölkələrimiz arasında daha dərin müdafiə əlaqələri bu sahədə də inkişafa müsbət təsir göstərə bilər”. Qantz bəyan edib ki, İsrail Türkiyəni iqtisadi sahədə, müdafiə sahəsində və bütün regionun sabitliyinin təmin edilməsində əlaqələrimizi inkişaf etdirə biləcəyimiz qlobal aktor kimi görür. O vurğulayıb ki, münasibətləri inkişaf etdirdikcə fikir ayrılıqlarını aradan qaldırmağın yolu tapılacaq. Ölkəsinə qayıdarkən hava limanında jurnalistlərin suallarını cavablandıran Qantz səfəri ilə təhlükəsizlik sahəsində əməkdaşlığa qapının açıldığını bildirib.
  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, on il ərzində Türkiyə-İsrail əlaqələri çox aşağı səviyyədə idi. Analitik vurğulayıb ki, belə halda iki ölkə arasında münasibətlərin gərginləşməsi regionun digər dövlətləri üçün sərfedici sayılırdı: "Hər ölkə bu gərginlikdən öz maraqları çərçivəsində istifadə etməyə çalışırdı. Lakin İsrail və Türkiyənin əməkdaşlığının uzun tarixi var. İki ölkənin əlaqələri 1948-ci ildə, yəni İsrail dövləti yaranan gündən formalaşmağa başlayıb. İsraili tanıyan ilk müsəlman dövləti məhz Türkiyə olub. Zamanla iki ölkə arasında sıx əməkdaşlıq formalaşdı. 1990-cı ildə ikili münasibətlər ən yüksək səviyyəyə çatdı. Hətta Türkiyə ordusunun moderinaziyası məsələsində İsrailin böyük payı və rolu var idi. Fələstin məsələsinə görə iki dövlət arasındakı əlaqələrdə axsamalar və problemlər yaşanmağa başladı. Qüds şəhərinin İsrailin nəzarətinə keçməsi, müsəlmanların öldürülməsi kimi hadisələr dini faktor baxımından Ankara tərəfindən prinsipial məsələ kimi qəbul olundu. Lakin son dönəmlərdə, xüsusən İkinci Qarabağ müharibəsindən sonra Fələstinin Türkiyə və Azərbaycanla bağlı qəbuledilməz mövqeyi, işğalçı Ermənistanı dəstəkləməsi Ankaranın da məsələyə yanaşmasını dəyişdi. Bundan sonra tədricən İsrail-Türkiyə arasındakı buzlar da əriməyə başladı. Təl-Əviv də zamanla başa düşdü ki, Türkiyə çox etibarlı və lazımlı strateji tərəfdaşdır. Yəni itiriləsi ölkə deyil. Ona görə də münasibətlərin bərpası istiqamətində addımlar atılmağa başlandı".
  S.Hümbətov vurğulayıb ki, İsrail Prezidenti İshaq Hersoqun və nazirlərin Türkiyəyə səfərləri, XİN başçısı M.Çavuşoğlunun İsrailə səfəri əlaqələrin ikinci mərhələsini başlatdı: "Düzdür, Türkiyə yenə də prinsipial mövqeyini saxlasa da, qardaş ölkənin birinci qayəsi bölgədə sülhü bərqərar etmək, stabilliyi saxlamaqdır. Sadəcə, Türkiyə istəyir ki, İsrailə verilən haqlar Fələstinə də verilsin, onların da ayrıca dövləti qurulsun və s. Ola bilər, indiki halda Türkiyə-İsrail münasibətləri birtərəfli inkişaf etsin. Yəni siyasi-iqtisadi, hərbi və təhlükəsizlik üzrə əməkdaşlıqlar olacaq, ancaq Fələstin məsələsi gələndə hər iki dövlət söhbətin üzərindən yumşaq formada keçəcək. İki dövlət bundan sonra vəziyyəti gərginləşdirəcək məqamların üzərinə getməyəcək. Yaxın Şərqdə Türkiyəyə qarşı koalisiya qurmağa cəhd edənlər var. Düşünürəm ki, bunun qarşısını almağın ən yaxşı yolu İsrail dövləti ilə münasibətləri qurmaq və inkişaf etdirməkdir. Nəzərə alaq ki, Türkiyə-İsrail münasibətlərinin normallaşması Azərbaycana da təsir edən amillərdəndir".