Müqavilənin bağlanmaması İrəvana ziyan vuracaq


Tural İrfan: "Qərb versiyası gündəmə gəlsə belə Azərbaycan irəli sürdüyü tələb və maraqlarından vaz keçməyəcək"
  "İnanıram ki, yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq". Bu barədə "Şərq"ə siyasi şərhçi Tural İrfan deyib. Analitik bildirib ki, əsas Azərbaycan və Ermənistanın məsələyə yanaşmasıdır, kənar dairələrin arzusu ikinci dərəcəlidir: "Ermənistanın Rusiyaya qarşı kəskin mövqeyi ancaq özünə ziyan edə bilər və müqavilənin Rusiya variantının qəbul edilməməsi Rusiyanı Ermənistana qarşı daha kəskin mövqe tutmağa təşviq edə bilər. Azərbaycan həm Qərb, həm də Risiya ilə normal səviyyədə əlaqələrə malikdir. Müqavilənin Qərb versiyası gündəmə gəlsə belə Azərbaycan irəli sürdüyü tələb və maraqlarından vaz keçməyəcək. Müqavilənin imzalanmaması Ermənistanı geri salacaq və İrəvana ziyan vuracaq. Ermənistan müstəqil qərar verməyi öyrənməli, başqalarının xaltasını boynundan çıxartmalıdır. Qərbə meyillənmək, Qərb dəyərlərinə üz tutmaq başqadır, Qərbin diktəsi ilə addım atmaq tam başqadır. Ona görə nə qədər ki, Ermənistan onun-bunun diktəsi ilə hərəkət edəcək, bu, özünün ziyanına olacaq. Görünür, Qərbdə müəyyən dairələr Ermənistanı Rusiya ilə bağlı arxayın salmağa cəhd edir. Lakin İrəvan "Qərbin dəstəyi" ilə bağlı bir çox pis nümunələri unutmamalıdır".