Paşinyanın etirafları Ermənistanın gələcəyini sual altında qoyur

Belə çıxır ki, baş nazir Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi

  Soçidə keçirilən sammitdə Ermənistan tərəfi Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərarın qəbul edilməsi təklifi ilə çıxış edib, lakin bu, rədd edilib. Bu məqam Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən də etiraf olunub. Paşinyan deyib ki, o, mandatın qeyri-müəyyən müddətə, 5-20 il müddətinə uzadılmasını təklif etsə də, Azərbaycan dövlət başçısı bunu qəbul etməyib. 

Ermənistan baş naziri bu məsələni təkrar gündəmə gətirəcəyini də söyləyib: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edən ən mühüm amil onların hüquq və təhlükəsizliyini təmin etmək üçün etibarlı mexanizmlər və təminatlar yaradılana qədər Rusiya sülhməramlılarının mövcudluğudur".

  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, bağlı qapılar arxasındakı xəbərdarlıqla Nikol Paşinyan Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi. Analitik bildirib ki, Paşinyanın etirafları bunu təsdiqləyir: 

"Soçiyə qədər Paşinyan iqtidarı Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacağını qeyd edirdi. İrəvan Qarabağın "statusu" mövzusundan imtina etdiyini, Ermənistanı Qarabağsız gördüklərini dolayı yolla dilə gətirirdilər. İndi yenidən vəziyyət əvvəlki halına qayıtdı. Beləliklə, sülh müqaviləsinin bu il imzalanması təxirə salınır və Qarabağ mövzusu dondurulur. Lakin bunu təklif edənlər başa düşməlidirlər ki, 30 il ərzində də bu mövzu dondurulmuşdu. Nəticədə 44 günlük müharibə Ermənistan üçün ağır məğlubiyyətlə başa çatdı. Ermənistan rəhbərliyi öz sərhədlərinə Qərbin xüsusi missiyasını göndərdi. Qarabağla bağlı xaricdən gələn əmri yerinə yetirməklə öz aləmində irəliləyiş əldə etdiyini düşündü. Əslində isə Ermənistan dövlətinin özünün gələcəyi şübhə altına düşmüş oldu. Böyük ehtimal son günlər baş verən proseslər Qərb və Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərinə yeni çalarlar verəcək".