Brüssel sülh müqaviləsinin bağlanmasında maraqlıdır


Dekabrda yeni bir razılaşma sənədi razılaşdırıla bilər


  Noyabrın 3-də Brüsseldə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının üçüncü iclası keçiriləcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bundan əvvəlki görüş sentyabrın 30-da Moskvada baş tutub. Görüşdən əvvəl onların rusiyalı həmkarı Aleksey Overçuk Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri ilə görüşüb və onlar birgə işin davam etdirilməsindən məmnunluqlarını bildiriblər. Baş nazirlərin müavinləri təşkilati və prosedur məsələlərini, həmçinin gələcək işlərin əsasnaməsini müzakirə ediblər. 

Razılaşdırılmış vaxtda üçüncü görüşün keçirilməsi barədə razılıq əldə olunub.

  Xatırladaq ki, bir neçə gün əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə vurğulayıb ki, Soçi görüşündən dərhal sonra belə bir görüşün Brüsseldə keçirilməsi tərəflərin məhz Moskvaya deyil, Brüssel formatına üstünlük verməsini göstərir. Analitikə görə, buna rəğmən, Brüsseldə keçirilən görüşdə müsbət nəticənin əldə olunması gözlənilmir: 

"Çünki Ermənistan tərəfi Azərbaycanı 12-14 senytabr döyüşlərindən əvvəlki mövqelərə geri çəkilməsini tələb edir. Belə olan təqdirdə delimitasiyada problemlər qalmaqdadır. Lakin Brüsselin fəal vasitəçiliyi nəticəsində növbəti görüşlərdə irəliləyişə nail oluna bilər. Rusiyadan fərqli olaraq Avropa İttifaqı iki ölkə arasında prosesin irəliləyişinə nail olmağa çalışır. Ona görə də dekabrda Brüsseldə yeni bir razılaşma sənədi razılaşdırıla bilər. Bu da sülhün əldə edilməsini yaxınlaşdırar. Vaşinqtonun siyasi dəstəyi və Brüsselin fəal vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Tbilisidə görüşü də mümkündür. Prezident İlham Əliyev ötən ay Gürcüstana səfərində Ermənistan daxil olmaqla üçtərəfli danışıqlar platformasının yaradılmasını təklif etmişdi. Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi-iqtisadi və enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Brüssel məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Rəsmi Bakının sülh təklifi məhz beynəlxalq hüquqa zidd deyil. Ona görə də Brüssel Ermənistanın konstruktiv mövqe tutması üçün öz rıçaqlarından istifadə edə bilər".