Tehran rejimi bölgədə türk gücündən əndişələnir


İranın Ermənistanla əməkdaşlığı inkişaf etdirməsi məhz Azərbaycan-Türkiyə tandeminə qarşı formalaşıb

  Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İranla münasibətlərdə gərgin dövrlər çox yaşanıb. Lakin yaxın qonşuluq və iqtisadi-ticari əlaqələrin qarşılıqlı faydalı xarakter daşıması gərginliklərin dərinləşməsinə imkan verməyib. Ancaq 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi İran tərəfindən narahatlıqla qarşılandı. Yaxın qonşumuz və müsəlman "təəssübkeşi" kimi çıxış edən İran öz narahatlığını çox kəskin şəkildə büruzə verdi. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü, İran-Azərbaycan sərhədini isə dostluq və qardaşlıq sərhədi adlandıraraq yaxın qonşumuza xoş mesajlar vermişdi. Bununla yanaşı bir sıra İran şirkətlərinə də Qarabağın bərpasında iştirak etmək imkanı yaradıldı. Rəsmi Bakı 30 ilə yaxın bir dövrdə Azərbaycanın tarixi torpaqlarının işğalına İranın susqunluğuna, Şuşada və İrəvanda azərbaycanlılara məxsus məscidlərin təmir edilərək fars məscidləri kimi qələmə verilməsinə, 44 günlük Vətən müharibəsi dövründə rəsmi Tehranın Ermənistana silah-sursat ötürməsinə baxmayaraq, qonşuluq münasibətlərini davam etdirmək niyyətini dəfələrlə bəyan etmişdi. Lakin İran Azərbaycana qarşı heç bir əsası olmayan qondarma iddialar irəli sürməyə başladı. Sözdə islam dəyərlərinə üstünlük verən İran, nədənsə, ermənilərin 67 məsciddən 65-ni dağıtmalarına göz yumdu. Amma Azərbaycanın İsraillə əlaqələrini böyük hay-küylə qarşıladı. Əlbəttə, Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib və həmişə özünə himayədar axtarışında olub. Azərbaycana məğlub olduqdan sonra Ermənistan rəsmiləri İrana üz tutaraq tarixi dostluqdan danışmağa başlayıblar. Rəsmi Tehran bəyan edir ki, regionda dövlətlərin sərhədlərinin dəyişməsi qəbuledilməzdir və bu, İranın "qırmızı cizgisi"dir. Əgər sərhədlərin dəyişməsi Tehran üçün qəbuledilməzdirsə, 30 il ərzində Ermənistan sərhədləri dəyişərək Azərbaycan ərazilərini işğal etdiyi vaxt niyə səsini çıxarmırdı?! Deməli, Ermənistan müsəlmanların yaşadığı yeri işğal edib sərhədi dəyişə bilər və bu, İran üçün qəbulediləndir. Lakin Azərbaycan öz ərazilərini işğaldan azad edəndə İran üçün qəbuledilməzdir. Ermənistanın Qafan şəhəri çox balaca bir yaşayış məntəqəsidir və bu şəhərdə tez-tələsik konsulluq açmaq İranın nəyinə lazım idi? Din qardaşlarına tarix boyu olmazın müsibətlər yaşadan Ermənistanın kiçik bir şəhərində diplomatik zərurət olmadığı halda konsulluq açan İran Azərbaycanın İsrail kimi müstəqil bir dövlətdə səfirlik açmaq qərarına hansı üzlə etiraz edir? Qarabağın işğalının sonrakı illərdə tarixi ərazilərimizin talan olunmasında İranın Ermənistana verdiyi dəstəyi Azərbaycan xalqı unutmayıb. “Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrimizin erməni vandalları tərəfindən dağıdılmasına, məscidlərimizin təhqir edilməsinə İranın heç bir reaksiya verməməsini də yaxşı xatırlayırıq. İran, eyni zamanda, xalqımızın ermənilər tərəfindən qanlı soyqırımı cinayətlərinə məruz qalmasına da göz yumub. Təəssüflər olsun ki, İran bu gün də terrorizmə, işğalçılığa, revanşist meyillərə dəstək verir, Ermənistana himayədarlıq edir. İran Ermənistana dəstək verməkdən çəkinməli, Azərbaycanla münasibətlərin normallaşmasına nail olmalı, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Yalnız bu halda bölgədə sülhdən, təhlükəsizlikdən və dostluqdan danışmaq olar.

  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, İranın Ermənistanla siyasi-hərbi və iqtisadi sahədə əməkdaşlığı gücləndirməsi Azərbaycan-Türkiyə tandeminə qarşı formalaşır. Analitikə görə, 44 günlük müharibədən sonra İran tərəfi Azərbaycan və Türkiyənin bölgədə sülhə, təhlükəsizliyə xidmət edən addımlarını, sabitlik məqsədi ilə irəli sürdükləri əməkdaşlıq platformalarını özü üçün təhlükə gördü:

"Tehran rejimi Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqeyinin artmasından narahatdır. Halbuki Cənubi Qafqazda, xüsusən Ermənistanda İran heç vaxt öz mövqeyini möhkəmləndirə bilməz. ABŞ və Avropa dərhal Ermənistanı cəzalandırar. Əslində İranla sıx təmaslar quran İrəvan hökuməti Vaşinqtonu qəzəbləndirir və etimadını itirir. Rusiya da İranın Ermənistanda güclənməsində maraqlı deyil. İranın "ermənilərə sevgi və rəğbət siyasəti" regionda heç də güc balansını Ermənistanın xeyrinə dəyişməyəcək. Bir müddət sonra Tehranın Ermənistan siyasəti də fiaskoya uğrayacaq. Sadəcə, mövcud durum həm Ermənistanın pozuculuq siyasətinə, həm də İranın düşmənçilik siyasətinə sərf edir. Təbii ki, İranı ciddi narahat edən amillərdən biri də Güney Azərbaycan faktorudur. O məqsədlə İran Ermənistanı yeni bir müharibəyə hazırlamaq məqsədi də güdür. Ancaq molla rejimi anlamır ki, bu siyasət Azərbaycan və Türkiyə ilə gərginlik yaratmaqdan başqa güneyli soydaşlarımızı da ayağa qaldırır".