NATO Ukrayna üçün ümid yeri saxlayır

Baş katibin açıqlaması sırf siyasi məqsədlər üçün gündəmə gəlmiş bəyanatdır

  Hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna NATO-ya üzv ola biləcək.  Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O əlavə edib ki, Rusiyanın hər hansı ölkənin Alyansa qoşulmasını qadağan etmək üçün veto hüququ yoxdur. Baş katib bildirib ki, Ukraynanın hərbi uğurları nə qədər çox olsa, onun qarşıdakı danışıqlarda mövqeyi bir o qədər güclü olacaq. Stoltenberq qeyd edib ki, Putin müharibədə qalib gələrsə, o və digər diktatorlar öz məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə etməyə davam edəcəklər: "Bu, daha çox müharibə və daha çox əzab deməkdir. Bu, dünyamızı daha da təhlükəli edəcək. Ukraynanın qalib gəlməsi bizim öz marağımıza uyğundur". O, Ukraynaya yardımın Qərbə baha başa gəldiyini etiraf edib: "Ərzaq və enerji qiymətlərinin artması Avropada bir çox ev təsərrüfatları üçün çətin günlər deməkdir. Ancaq yadda saxlamalıyıq ki, Ukrayna xalqı bunun əvəzini hər gün öz qanı ilə ödəyir". Xatırladaq ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba NATO-ya çağırış etmişdi. Bildirmişdi ki, hərbi alyans ölkələri təcili olaraq silah istehsalını artırmalıdır. Bu baş verməsə, Ukrayna müharibədə qalib gələ bilməz. 
  Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında deyib ki, Stoltenberq daim Ukrayna üçün ümid yeri saxlayır. Analitik qeyd edib ki, NATO və Qərb ölkələrinin "Ukrayna hərbi bloka üzv ola bilər, bunun üçün ciddi maneə yoxdur" vədləri uzun illərdir gündəmdədir: "Təşkilata üzv olmaq üçün müəyyən prosedurlar var. İsveç və Finlandiya nümunəsində görürük ki, proses çox uzun çəkir və xeyli vaxt aparır. Əsas məsələ isə odur ki, NATO ölkələrinin hamısı Ukrayna ilə bağlı yekdil fikirdə deyillər. Bir sıra ölkələr ciddi tərəddüd içindədir və  Kiyevə vaxt verilməsini tələb edirlər. Fikrimcə, baş katibin açıqlaması sırf siyasi məqsədlər üçün gündəmə gəlmiş bəyanatdır. Daha doğrusu, Stoltenberqin arzusudur ki, Ukrayna da NATO üzvü olsun. Prinsip etibarı ilə əksər Qərb ölkəsi də ümumən bu fikirdədir. Amma hərbi alyansın şərtləri də dəyişməz olaraq qalır. Yəni əvvəlcə müharibə sona çatmalı və Kiyev tələb olunan siyasi şərtlərin reallaşması istiqamətində addımlar atmalıdır. Sonda isə NATO üzvlərinin hamısı Ukrayna lehinə səs verməlidirlər. O ki qaldı Rusiyanın mövqeyinə, zaman keçdikcə reallıqlar da dəyişir. Əgər Ukrayna həqiqətən hərbi alyansın şərtlərini yerinə yetirmək iqtidarında olarsa, o zaman Qərb Rusiyanı fakt qarşısında qoya bilər".