Bir gün mütləq sonu olacaq

Farslar yaxşı bilirlər ki, son minillikdə türklər İran adlanan bölgədə hökmranlıq ediblər

"Tehran rejiminin israrla Güney Azərbaycandakı soydaşlarımıza qarşı repressiyası, təzyiq və zülmləri nəyisə dəyişmək gücündə deyil"

  XX əsrdə İran ərazisində dörd böyük inqilab baş verib ki, onların üçü bilavasitə Azərbaycan türklərinin adı ilə bağlıdır. Bunlar 1905-1911-ci illəri əhatə edən "Məşrutə inqilabı", 1918-1920-ci illərdəki Şeyx Məhəmməd Xiyabani hərəkatı və 1941-1946-cı illərin "21 Azər” hərəkatı və Milli Hökumətin qurulması idi. 1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatı təkcə İran üçün yox, həm də Yaxın və Orta Şərq ölkələrində azadlıqsevər insanlar üçün də tarixi və çox önəmli hadisə olmuşdu. 

Məşrutə hərəkatı azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttarxan, Salari-milli Bağırxanla yanaşı onların vəfalı silahdaşları hərəkatda mühüm rol oynayıblar. Rejimin əleyhinə çıxdığı üçün 1898-ci ildə Təbrizdə həbs olunan Səttarxan Ərdəbil "Narın qala" zindanında iki ilə yaxın məhbus həyatı keçirməli olur. Səttarxan həbsxanada tanış olduğu bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan Səttarxan rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Bir müddət sonra bütün Təbriz rejim əleyhinə ayağa qalxaraq şahlığın siyasi sütunlarını silkələməyə başladı. Xalq hərəkatının xofu qarşısında millətə "məşrutə azadlıqları" vəd edən Müzəffərəddin şahdan fərqli olaraq Məhəmmədəli şah xalqa divan tutmağa başlayır. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücum təşkil etməkdə Səttarxanın böyük və danılmaz xidmətləri olmuşdu. Tezliklə bu hərəkat Güney Azərbaycanın hər tərəfinə yayılmış və 1991-ci ilədək davam etmişdi. Bu, güney hərəkatının ilk mərhələsi hesab olunur. 

  1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Güney Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin devrilməsi güneydə milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Güneydə əhalinin çıxışlarına əsas siyasi orqan - İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi. 1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başlandı.

  1917-ci il avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə və başqa şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı. 1918-ci ilin noyabrında Türkiyə Güney Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. 1919-cu il avqustun 9-da İranı İngiltərədən tam asılı hala salan sazişdən sonra Güney Azərbaycanda genişlənən milli-azadlıq hərəkatı yeni pilləyə qalxdı. 1920-ci ildə Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüvvələrin hamısı üsyana qoşuldu. Üsyanı təşkil etmiş təşkilatın rəhbər heyətinə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İctimai İdarə Heyətinin əlinə keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. 1920-ci il mayın 18-də yenidən İrana hərbi hissələr çıxarması Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi "çarizmin o biri üzü" adlandırırdı. Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Güney Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. 1920-ci il sentyabrın 11-də Təbriz üzərinə qəfıl hücum təşkil edildi. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı uğrunda mübarizədə şəhid oldu. Üsyançılara amansızcasına divan tutuldu. Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş hərəkat İrandakı şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik oldu. Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfı baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxdı. 

  İran adlı ölkədə tarixi inqilablardan danışan AMEA-nın elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə deyib ki, İrandakı fars rejiminin indiyədək baş vermiş milli-azadlıq hərəkatlarında ciddi təşviş keçirməsini, qorxmasını təbii qarşılamaq lazımdır. Çünki farslar yaxşı bilirlər ki, son minillikdə türklər İran adlanan bölgədə hökmranlıq ediblər: 

"Türklərin öz hakimiyyətləri dövründə ədalətli mövqe ortaya qoyduqları hamıya bəllidir. İrandakı fars-şovinist rejimin addımları, son günlər yaşananlar türklərin yenidən hakimiyyətə gəlməsi üçün çox ciddi amil və səbəbdir. Tehran rejiminin israrla Güney Azərbaycandakı soydaşlarımıza qarşı repressiyası, təzyiq və zülmləri nəyisə dəyişmək gücündə deyil. Son yüz ildə İranda yaşayan türklər bir neçə dəfə öz haqq-hüquqlarını qorumaq, azadlıqlarını bərpa etmək üçün ayağa qalxıblar. Bu da səbəbsiz deyildi. XIX əsrin sonu - XX əsrin əvvəllərində, Qacarlar dövlətinin son illərində hökuməti və parlamenti ələ keçirmiş irançılar, farslar türk xalqına qarşı dözülməz haqsızlıqlar edirdilər, türklərin haqq-hüquqlarını görməzdən gəlirdilər. Məhz bu yanaşmanın nəticəsi olaraq XX əsrin əvvəllərində Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani inqilabı baş verdi. Əslində hərəkatın başlıca qayəsi Qacarlar dövlətini əsl mahiyyətinə döndərmək idi. Daha sonra hakimiyyəti ələ keçirən Pəhləvilər dövründə 21 Azər Hərəkatının meydana gəlməsi və Milli Hökumətin yaranması da təsadüfdən deyildi. Güneylilər öz hüquqlarının bərpası uğrunda mübarizə aparır, rejimin ədalətsiz və riyakar siyasətinə etirazlarını bildirirdilər". 
  
F.Ələkbərli vurğulayıb ki, fars-şovinist rejimi milyonlarla Azərbaycan türkünə qarşı təhdidləri davam etdirməklə prosesi öz əleyhlərinə çevirir:

 "Tehran rejiminin hər addımı İran adlanan ölkənin parçalanmasını, fars-molla hökumətinin devrilməsini daha da yaxınlaşdırır. Azərbaycana qarşı olan hədsiz aqressiyanın əsas səbəbi Güney Azərbaycanla bağlıdır. Rejim illərdir güneyli soydaşlarımıza qarşı repressiya siyasəti həyata keçirir, təzyiq altında saxlayır, haqlarını tapdalayır, dilinə qadağa qoyur, həbs və ya sürgün edir. O cümlədən, zindana atılanlar da dəhşətli işgəncələrə məruz qalırlar. Nə qədər azərbaycanlı fars rejiminin təzyiqlərindən yaxa qurtarmaq, ölüm təhdidlərini aradan qaldırmaq üçün yurdunu tərk etmək məcburiyyətində qalıb. Ancaq bunların hamısına bir gün mütləq son qoyulacaq. İranın hərbi təlimlə Azərbaycanı qorxutmağa çalışması, bizi hədələməsi boş və mənasız cəhdlərdir. Azərbaycan əvvəlki zəif və hazırlıqsız ölkə deyil. Ölkəmiz güclü olmaqla yanaşı, həm də böyük Türk Dünyasının ən önəmli parçasıdır. Əminliklə qeyd edirəm ki, cərəyan edən proseslər İranın əleyhinə işləyir. İnşallah müsbət sonu da hamımız görəcəyik və Azərbaycanın güneyindəki soydaşlarımız öz azadlıqlarını əldə edəcəklər".