Lavrovun açıqlamalarına ehtiyatlı yanaşmaq lazımdır

Moskva regionda digər güclərin aktivliyinə, hətta sülh danışıqlarında Avropa İttifaqı və ABŞ-nin vasitəçiliklərinə qısqanclıqla yanaşır

  Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında Qərb ölkələrini ittiham edib. Lavrov ATƏT-in Minsk qrupu ilə bağlı da sualı cavablandırıb. XİN rəhbərinin sözlərinə görə, artıq "ölmüş" struktur sayılan Minsk qrupunun uğursuzluğunun səbəbi həmsədr Qərb dövlətləri olub: "Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyəti yoxdur. 

Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-nin həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı".

  Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Lavrov qabaqdangəlmişlik edir. Ekspertin fikrincə, Qərb Rusiyanın Ukraynanı işğal cəhdindən sonra Rusiya ilə bütün siyasi əlaqələri kəsib. Bura Minsk qrupu tərkibində həmsədrlik də aiddir:

 "İşğalçı Rusiya ilə heç kim eyni platformada adının çəkilməsini istəmədiyi üçün Minsk qrupu avtomatik dağıldı. Bu, Azərbaycanın da maraqlarına uyğun idi. Müharibədən sonra Azərbaycan Prezidenti dəfələrlə bunu bəyan etmişdi və Minskin "öldüyünü" açıqlamışdı. İlahi ədalət təcəlli etdi və bu qrup doğrudan da, "öldü". Rusiya XİN başçısı Lavrovun da bu qrupun "ölməsinə" işarə etməsi isə ikiüzlü siyasətdir. 

Moskva regionda digər güclərin aktivliyinə, hətta sülh danışıqlarında Avropa İttifaqı və ABŞ-nin vasitəçiliklərinə qısqanclıqla yanaşır. Amma Lavrov Ukrayna müharibəsi səbəbindən düşdükləri durumu yumşaltmaq məqsədilə Minsk qrupunun yenidən fəaliyyət göstərməsi üçün Qərbə mesaj ötürür. 

Görünür, Kreml Ukraynada etdiklərinə görə qismən peşman olub və yenidən beynəlxalq layihələrdə birlikdə çalışmaq niyyəti ilə özünü "konstruktiv" göstərməyə çalışır. 

Hesab edirəm ki, Rusiya rəsmilərinin fikirlərinə ehtiyatla yanaşmaq lazımdır. Rusiya indi elə bir durumdadır ki, əvvəlki düzəni bərpa etmək üçün hər şəkildə ittifaqlara gedə bilər. Bu baxımdan Lavrovun çıxışını regionun stabilliyi yox, Rusiyanın maraqlarını qorumaq baxımından dəyərləndirməliyik".