Təxribatlara imkan yaradan Moskvadır

Rusiyanın niyyəti Qarabağda uzun müddət qalmaqdır

Azərbaycan tərəfi isə sülhməramlıların vaxtından əvvəl ölkəni tərk etməsini tələb edirlər


  Qarabağdakı sülhməramlı kontingentin qanunsuz davranışları getdikcə artır. Onların separatçılara dəstəyi, təxribatlarına göz yumması, hətta buna həvəsləndirməsi, binalar tikməsi bəlli idi və buna rəsmi səviyyədə etirazlar bildirilib. Amma kontingent bundan nəticə çıxarmaq əvəzinə qanundankənar, təxribat sayıla bilən davranışlarını pik həddə çatdırır. Söhbət Azərbaycanın toponimlərinin dəyişdirilməsindən, sənədlərdə Qarabağ iqtisadi rayonu əvəzinə “Dağlıq Qarabağ vilayəti”, “Mardakert”, “Martuni” ifadələrinin yazılmasından gedir. Bu məsələ Parlamentin son iclasında müzakirə olunub və deputat, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına sərt reaksiya verib. S.Novruzov bildirib ki, hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən Prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ediləcəyini söyləyib: “Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. İşlərini görə bilmirlərsə, getsinlər”. 

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, ümumiyyətlə, Rusiyanın Qarabağla bağlı planı ondan ibarətdir ki, onlar burada uzun müddət qalsınlar. 

Yəni 2025-ci ildən sonra da ərazilərimizdə qalmağa davam etsinlər. Bunu Soçi görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan da dilə gətirdi: "Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə açıq şəkildə bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatında rus sülhməramlılarının ərazimizdə qalma müddəti konkret göstərilib. Bu o deməkdir ki, rus sülhməramlılarının fəaliyyəti 2025-ci ilədək davam edəcək. Təbii ki, əgər o vaxta kimi daha çox təxribat törədərək Azərbaycan ictimaiyyətini qıcıqlandırmasalar fəaliyyət göstərə biləcəklər. Əks halda sülhməramlılar bəyanatda əks olunmuş müddətdən daha öncə Azərbaycanı tərk edə bilərlər. 
  Rusiyanın niyyəti Qarabağda uzun müddət qalmaqdır. Ancaq məsələ ondadır ki, Azərbaycan tərəfi rus sülhməramlılarının torpaqlarımızda qalmasında qətiyyən maraqlı deyil. Çünki rus sülhməramlıları bölgəyə gəldikləri ilk gündən etibarən təxribatlarını davam etdiriblər. Nəinki Azərbaycana məxsus yer adlarının, toponimlərin uydurma adlarla əvəzlənməsi, eyni zamanda Qarabağa qanunsuz səfərlər təşkil ediblər, bölgəyə erməni daşıyıblar, separatçıları silahlandırıblar. Qanunsuz erməni silahlılarının təxribatlarına göz yumublar, hətta buna şərait yaradıblar, cinayətkar ermənilərin cəzalandırılmasına mane olublar". 

S.Hümbətova görə, sülhməramlı kontingentin rəhbəri Volkov və Xankədiyə göndərilmiş R.Vardanyan bu prosesdə baş rolları ifa edirlər: 

"Moskva Vardanyanın əli ilə özünə tabe olan qüvvələri Xankəndiyə toplamağa çalışır. Bu, Kremlə kritik anlarda vəziyyəti daha da gərginləşdirmək üçün lazımdır. Volkov isə əliqanlı qatildir. Düşünürəm ki, hər iki təyinat məqsədyönlü şəkildə həyata keçirilib. Rusiya iki şəxsdən anti-Azərbaycan siyasətində fəal surətdə istifadə edir".