Sülhə yeni pəncərə açılır


Rusiya oyundan kənar vəziyyətə düşə bilər
Yaxın vaxtlarda sülh danışıqları Avropa Birliyi və ABŞ-nin fəal dəstəyi ilə bərpa olunacaq
  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşada Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borellə görüşüb. Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, habelə energetika sahəsində əldə edilmiş razılıqların icrası müzakirə olunub. Təbii ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəliləməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə də fikir mübadiləsi aparılıb. Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığı diqqətə çatdırılıb. Nazir həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib.
  Borrel də öz növbəsində Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə işləməkdə davam edəcəyini deyib: "Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi imkan var". Aİ-nin ali nümayəndəsi hər iki tərəfi bu fürsətdən istifadə etməyə çağırıb və əlavə edib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verməyə hazırdır. Borrel Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin böyük inkişaf potensialının olduğunu qeyd edib.
  Borrelin fəallığını "Şərq"ə dəyərləndirən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya bundan sonra da Cənubi Qafqazdakı sülh prosesinin müsbət inkişaf istiqamətləri qazanmasına mümkün olduğu qədər əngəl törətməyə çalışacaq. Ekspertə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Rusiyanın regiona təsir mexanizmlərinin öz əhəmiyyətini itirməsi ilə nəticələnə bilər: "Ona görə də Rusiya bu prosesdə birmənalı şəkildə əngəlləyici faktor rolunu oynayır. Kreml hətta sülh sazişinin imzalanmasına razılaşsa belə, həmin sənədin Azərbaycan və Ermənistanın deyil, məhz Rusiyanın regional maraqlarını ifadə etməsinə çalışacaq. Ancaq ABŞ və Avropa Birliyi tamamilə fərqli mövqedən çıxış edir. Belə ki, həm ABŞ, həm də Avropa Birliyi Cənubi Qafqazda mümkün qədər tez bir zamanda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Ona görə də hazırda ABŞ və Avropa Birliyi həm Azərbaycanı, həm də Ermənistanı yekun sülh sazişinin imzalanmasına çağırır. Böyük ehtimalla yaxın vaxtlarda Azərbaycan və Ermənistana bu məsələ ilə bağlı müəyyən təzyiqlərin göstərilə biləcəyi də qətiyyən istisna deyil. Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi Cənubi Qafqazdakı sülh prosesinə yaxın gələcəkdə reallaşdırıla biləcək geoiqtisadi layihələr üzərindən yanaşır. Xüsusilə də indiki situasiyada Azərbaycanın enerji resursları Avropa Birliyi üçün həyati və strateji əhəmiyyət daşıyır. Bu qurum hətta Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə əsas strateji tərəfdaşı hesab edir. Halbuki regionda hərbi-siyasi gərginliyin hələ də real təhlükə vəd etməsi Avropa Birliyinin enerji maraqlarının reallaşdırılmasına da müəyyən problemlər vəd edir.
Ona görə də Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Cozef Borrelin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməsi qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Avropa Birliyi təmsilçisi hər iki nazirlə regionda sülhün və sabitliyin təmin olunmasına yönəlik fəaliyyətə üstünlük verməyə çağırıb. Bunun Avropa Birliyi üçün əhəmiyyətini də əsaslandırmağa çalışıb. Ümumiyyətlə, son vaxtlar Avropa Birliyi regionda fəaliyyətinin, eləcə də Azərbaycan və Ermənistan ilə münasibətlərin böyük ölçüdə yekun sülh sazişinin imzalanmasından asılı olduğunun da açıq mesajlarını verməyə başlayıb. Yəni bu qurum Azərbaycan və Ermənistana Avropa Birliyi ilə əməkdaşlığın yalnız sülh sazişinin imzalanacağı təqdirdə, mümkün olacağına eyham vurur".
  E.Xalidbəyli qeyd edib ki, böyük ehtimalla C.Borrel hər iki nazirə sülh danışıqları masasına qayıtmağın vacibliyini bildirib: "Bu prosesdə məhz Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasının önəmli olduğu qabardılıb. Yəni Avropa Birliyi regional sülh prosesində Rusiyanın əngəlləyici faktor olduğunu xüsusi olaraq gündəmə gətirir. Və alternativ platformaların regional sülh prosesi üçün daha faydalı ola biləcəyini vurğulayır. Bütün bunları nəzərə aldıqda, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məhz Avropa Birliyinin vasitəçiliyi və ABŞ-nin fəal dəstəyi ilə bərpa olunacağı tamamilə inandırıcı görünür. Rusiyanın tezliklə bu prosesdən kənarda saxlanılmasına nail oluna biləcəyi də qətiyyən istisna deyil. Yəqin ki, Kremlin pozuculuq fəaliyyətinin bloklanması tezliklə mümkün olacaq. Rusiyanın Ukrayna savaşında zəifləməsi belə imkanları genişləndirir. Digər tərəfdən rəsmi Bakının Azərbaycan və Avropa Birliyi arasında yeni tərəfdaşlıq müqaviləsi imzalamağa hazırlaşması da bu prosesdə böyük önəm daşıyır. Rusiya tədricən oyundan kənar vəziyyətə düşə bilər. Kremlin Azərbaycan əleyhinə son davranışları artıq rəsmi Bakının da səbrini tükəndirib. Rəsmi Bakı tədricən Azərbaycanın xarici siyasətini Qərbə doğru istiqamətləndirməyə üstünlük verə bilər".