Erməni millətçiləri Rusiyanın dağılması mexanizmini işə salmaq istəyirlər - Korotçenko

"Erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin məqsədi və vəzifəsi Rusiya sülhməramlı kontingenti ilə Azərbaycan ordusu arasında toqquşmaları qızışdırmaqdan ibarətdir. Bunu öz Teleqram kanalında "Milli Müdafiə" (Natsionalnaya oborona) jurnalının baş redaktoru İqor Korotçenko yazıb.
Politoloqun fikrincə, məqsəd bu toqquşmaların Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə çevrilməsinə, sonradan həmin prosesdə Türkiyənin iştirakına və NATO ölkələrinin hərbi kontingentinin Cənubi Qafqaz regionuna daxil edilməsinə nail olmaqdır.
"Əslində, söhbət hazırda xüsusi hərbi əməliyyatla bağlı vəzifələrini həll edən və bütün hərbi və iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir", - deyə analitik bildirib.

Korotçenko hesab edir ki, bütün bunlar erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada "çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq" istəklərini həyata keçirmək üçün edilir.
"Bir vaxtlar erməni millətçiləri artıq SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər", - deyə politoloq vurğulayıb.

Analitik hesab edir ki, Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir:

"Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir".

Korotçenko qeyd edib ki, Rusiya Federasiyası öz milli maraqlarına xələl gətirməklə dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da:
"“Artsax” isə Kaliforniyada yaradılmalıdır – orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər buna uyğundur. ATƏT-in Minsk Qrupu da sizə kömək!", - deyə Korotçenko fikrini tamamlayb.