Deputat: "Azərbaycan teleradiolarında İranda yaşayan soydaşlarımıza yönəlik verilişlər hazırlanmalıdır"

"Azərbaycan televiziya və radiolarında İranda yaşayan soydaşlarımıza yönəlik verilişlər hazırlanmalıdır".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, İranın bir sıra xəbər agentlikləri, eləcə də televiziya kanalları, xüsusilə "Səhər" kanalı Azərbaycan Prezidenti və xalqının ünvanına davamlı olaraq hədyanlar yağdırırlar: "İran radioları da Azərbaycanın efir məkanına müdaxilə edirlər. Eyni zamanda sosial şəbəkələrdə müəyyən səhifələr yaradılır, Azərbaycanda yaşayan müxtəlif xalqların adlarından istifadə edilərək ölkəmiz əleyhinə təbliğat davam etdirilir. "Səhər" kanalının və İran radiolarının Azərbaycanın efir məkanına müdaxiləsi ilə bağlı uzun müddətdir müzakirələr aparılır, ancaq hələ də bu məsələ həllini tapmayıb. Biz bu barədə ciddi şəkildə düşünməliyik".
Deputat bildirib ki, İranda yaşayan azərbaycanlılar üçün teleradio verilişləri hazırlanmalıdır: "Biz müxtəlif dillərdə, xüsusilə fars və ərəb dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və erməni vəhşiliyinin ifşası istiqamətində təbliğat işlərini də qurmalıyıq. Məsələn, qardaş Türkiyənin TRT telekanalı müxtəlif dillərdə yayımlanır, ölkə həqiqətlərini dünyaya çatdırır. Biz də indidən informasiya müharibəsində qələbəmizi gücləndirmək üçün bu cür addımlar atmalıyıq".