İranda proseslər nəzarətdən çıxsa, Azərbaycana qaçqın axını başlayacaq
"Bir məsələyə diqqət etmək lazımdır ki, miqrantlardan istifadə edib, ölkəyə terrorçular da daxil ola bilərlər"
Almaniyadan sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu ilin yanvar-noyabr ayları arasında federal idarəyə İran vətəndaşları tərəfindən ümumilikdə 6 392 sığınacaq ərizəsi daxil olub. Onlardan 5 447-si ilk dəfə, 945-i isə ikinci dəfə üçün edilən müraciətlərdir. Federal İdarədən verilən məlumatda qeyd olunur ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.
İran vətəndaşları tərəfindən federal idarəyə bu ilin sentyabr ayında 613, oktyabrda 892, noyabr ayında isə 1039 nəfər qaçqın statusu üçün müraciət edib.
BAMF-nin açıqlamasında qeyd olunur ki, bu ilin yanvar-noyabr aylarında federal idarəyə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 214 253 nəfərdir.
Maraqlıdır, İrandakı etiraz dalğası inqilabla nəticələnsə, qonşu ölkədən Azərbaycana miqrant axını olacaq?
Politoloq Azər Rəşidoğlunun “Şərq”ə açıqlamasına görə, İranda açıq xaos və vətəndaş savaşı baş verərsə, bu, Bakının maraqlarına cavab verməyəcək. Belə ki, proseslər Azərbaycan sərhədlərinin dibində cərəyan edir və bizim üçün də müəyyən mənada narahatlıq doğura bilər:
“Unutmayaq ki, İranda on milyonlarla soydaşımız yaşayır. Proses nəzarətdən çıxarsa, Azərbaycana qaçqın axını başlaya bilər. Vaxtilə İrandan Azərbaycana çoxsaylı qaçqın keçdi. Onlar müxtəlif ərazilərdə evlər aldılar. Minlərlə İran vətəndaşı Bakıda ev və mülk sahibinə çevrildi. Hər kəs özünü gələcək təhlükədən sığortalamaq istəyirdi və ən asan başa gələn metod Bakıda ev almaq idi. Bu dəfə Azərbaycana daha çox sayda qaçqın axın edə bilər.
İraqdakı, Suriyadakı toqquşmalardan sonra yaranan qaçqın problemi də dediklərimizi sübut edir. Burada əsas məqam odur ki, Azərbaycanda miqrantların qəbulu və yerləşdirilməsi üzrə qanunverici baza yoxdur. Söhbət yalnız miqrantların qəbul edilməsindən getmir.
Zəruri xidmətlər və müxtəlif təminatlar da həllini tapmalıdır. Qaçqınların Avropaya can atmasının səbəbləri budur ki, onların təminatı Avropada dövlət siyasətinin tərkib hissəsidir. Diqqət etmisinizsə, miqrantların böyük əksəriyyəti məhz Almaniyaya can atır. Çünki orada bu qanunlar daha loyaldır.
Bu baxımdan hesab edirəm ki, Azərbaycana ciddi miqrant axını baş verməyəcək, lakin kiçik bir ölkəyə on minlərlə qaçqın gəlsə belə, bu, kifayət qədər problemə səbəb olacaq. Bir məsələyə diqqət etmək lazımdır ki, miqrantlardan istifadə edib, ölkəyə terrorçular da daxil ola bilərlər. Bu da dövlətin müvafiq orqanlarının işidir ki, onlara nəzarət etsinlər.
Əlavə problem bizə lazım deyil. Bu baxımdan Bakı İrandakı proseslərin dinc məcrəya düşməsində maraqlıdır. Lakin Tehran rejimi Bakıya qarşı təxribatlardan əl çəkmir və biz mollakratiyanın nazına dözmək fikrində də deyilik”.