Moldova Baş nazirinin müavini: “ASAN xidmət” tanınan və uğurlu Azərbaycan brendidir"

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) təkcə çox məşhur deyil, həm də uğurlu Azərbaycan markası kimi yüksək qiymətləndirilən brenddir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova Baş nazirinin rəqəmsallaşdırma üzrə müavini Yuri Turcanu deyib.
"Biz Moldovada ASAN-ın analoqunu tətbiq etdik və bu gözəl təcrübəyə görə Azərbaycan hökumətinə minnətdarıq", - o bildirib.
Onun sözlərinə görə, Moldovada analoji sistemə malik 40 çoxfunksiyalı mərkəzin olmasına baxmayaraq, Azərbaycan bu sahədə xeyli irəli gedib və Moldova bu gün də bu təcrübəni mənimsəməkdə davam edir.
“Hazırda bizim sosial proqramlarımız var və biz insanlara daha keyfiyyətli xidmət göstərən rəqəmsal inkişafa daha çox diqqət yetiririk. Bu baxımdan biz əsas model kimi ASAN modelindən istifadə edirik”, - Y. Turcanu fikrini tamamlayıb.