XİN başçısı Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı xarici diplomatları məlumatlandırır

Azərbaycanın xarici işlər naziri (XİN) Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirir.
“Report”  xəbər verir ki, nazir Şuşa-Xankəndi yolundakı mövcud vəziyyət barədə xarici diplomatları məlumatlandırıb.
Nazir bildirib ki, Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb.
Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanması səbəbləri açıqlanıb:
“Eyni zamanda ötən iki gün ərzində biz manipulyasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”, - deyə o əlavə edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.