Gürcü xalqı İvanişvili hakimiyyətinə qarşı üsyana qalxacaq və inqilab edərək onu devirəcəklər
Eks-prezident Putinə görə əzab çəkməyə məhkum edilib
Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin son görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Postsovet ölkələrində örnək siyasətçi, “böyük demokrat” kimi sevgi və rəğbət qazanan Saakaşvilinin qısa müddətdə bu vəziyyətə düşməsi insanlarda böyük təəssüf doğurub.
15 il əvvəlki “Qızılgül inqilab”ı ilə Gürcüstana demokratiya bəxş edən və bu səbəbdən əfsanəyə çevrilən eks prezidentin ayaq üstə durmağa gücü qalmayıb.
Xidməti səlahiyyətlərini aşdığına görə Tbilisi məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilmiş Mixeil Saakaşvili Gürcüstan paytaxtındakı "Vivamedi" klinikasının xüsusi palatasında yenidən aclığa başladığını bəyan edib.
Xəstəxanada ruhi və nevroloji xəstəliklərdən müalicə alan Saakaşvilinin həkimləri onun səhhətinin pisləşməsi ilə bağlı narahatlıqlarını bildirirlər.
Onların fikrincə, Saakaşvilinin aclığı bərpa etməsi onun səhhətinin daha da pisləşməsi ilə nəticələnə bilər. Həkimlər son aylar ərzində Saakaşvilinin 45 kilo arıqladığını deyirlər.
Saakaşvilinin son halını dəyərləndirən ekspertlər bu vəziyyətə düşməsinə görə elə onun özünü günahlandırırlar. Siyasi şərhçilərin fikrincə, 8 il sonra Gürcüstana qayıdan 54 yaşlı eks prezident özünün şəxsi faciəsinə zəmin hazırladı.
Politoloq Qabil Hüseynlinin “Şərq”ə açıqlamasına görə, onun bu səhvi təkcə Saakaşvili əfsanəsinin sonunu gətirmədi, həm də Gürcüstanın bir nömrəli müxalifət partiyasına zərbə vurdu: “Saakaşvili zəmanəmizin ən görkəmli siyasi xadimlərindən biridir. Bu gün nə halda olur-olsun, o artıq tarixə öz adını demokratik lider kimi yazdırıb. Hakimiyyətdə olduğu dövrdə ölkəsi üçün inqilabi yeniliklər edən Saakaşvili qısa müddətdə ədalətsizliyi bitirib, rüşvətin, korrupsiyanın kökünü kəsib, demokratik idarəçilik sistemi qurmuşdu. Prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk etməsinə baxmayaraq Saakaşvili son illərdə ölkənin siyasi arenasında əsas fiqurlardan biri olaraq qalırdı. Eks-prezidentin çoxlu tərəfdarı vardı və onun yaratdığı Vahid Milli Hərəkat Partiyası hakimiyyət dəyişikliyindən sonra ölkənin ən böyük müxalif təşkilatına çevrilmişdi.
Ancaq etdiyi bəzi səhvlər Saakaşvilinin həddindən artıq faciəvi həyat yaşamasına səbəb oldu.
Saakaşvili ümid edirdi ki, onun Gürcüstana qayıtması müxalif düşüncəli kütlələri canlandıracaq və ciddi proseslərə səbəb olacaq, bu da öz növbəsində siyasi dəyişikliklərə gətirib çıxaracaq. Amma məlum oldu ki, müxalifətdə hamıdan çox tərəfdarının olması insanların həftələrlə, aylarla mitinqlərdə dayanmağa hazır olması demək deyil. Onun ölkəyə yerli seçkilər ərəfəsində qayıtması və tezliklə həbs edilməsi Gürcüstanda mitinqlər dalğası yaratsa da, zaman keçdikcə etirazçıların sıraları seyrəldi, sonra isə tamamilə yoxa çıxdı”.
Q.Hüseynlinin sözlərinə görə, ölkəsi üçün inqilabi yeniliklər etməsinə rəğmən növbəti seçkilərdə gürcü xalqı ona səs vermədi. Daha doğrusu, Rusiyanın seçkilərdəki hiyləgərliyinin qurbanı oldu. Nəticədə seçkiləri səsləri pulla alan “Gürcüstan Arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişviliyə uduzdu və hakimiyyəti tərk etmək məcburiyyətində qaldı. Daha sonra İvanişvili ona qarşı saxta ittihamlarla cinayət işi qaldırsa da, istintaq zamanı Saakaşvili artıq Gürcüstanı tərk edərək Amerikaya köçmüş, üstəlik, ingilis dilini səlis bildiyi üçün diplomatların hazırlandığı Fletçer Amerika Universitetində dərs deməyə başlamışdı.
Lakin eks prezident bununla kifayətlənə bilmədi və Ukraynaya köç edən Saakaşvili qısa müddətdə vətəndaşlıq Odessa vilayətinin qubernatoru təyin edildi. Həmin vaxtlar Ukraynada prezident Saakaşvilinin tələbə yoldaşı Petr Poroşenko idi. Təəssüf ki, Saakaşvili Gürcüstandakı uğurunu Ukraynada təkrarlaya bilmədi. Çünki Ukraynada səlahiyyət Saakaşvilidə deyildi. Ukraynanın korrupsiya bataqlığı ilə bacara bilməyən Saakaşvili ilə Prezident Poroşenko arasında ziddiyyət yarandı. Bu ziddiyyəti isə Ukraynanın erməni mənşəli daxili işlər naziri Arsen Avakov daha da qızışdırdı.
Saakaşvilidə də belə fikir yarandı ki, korrupsiyanın başında hökumət dayanır. Ona görə istefa verib, Polşaya getdi. Lakin Zelenski prezident seçiləndə Saakaşvili yenidən Ukraynaya qayıtdı. Zelenski iqtisadiyyatı yeni ideyalarla hərəkətə gətirə biləcəyini düşündüyünə görə Saakaşvilini İslahatların İcraiyyə Komitəsinin rəhbəri təyin etdi. Amma o, həddindən artıq coşqulu, çılğın təbiətli biri olduğundan islahatların ləng getməsindən narazı qaldı, rüşvət və korrupsiya ilə bağlı problem yaşadı deyə gizli yolla Gürcüstana keçmək qərarına gəldi və nəticədə İvanişvilinin adamları tərəfindən həbs olundu. Həbsxanada isə ona qarşı kobud rəftar olunmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başladı. Partiya yoldaşları və incəsənət adamlarının xahişi ilə 25 gün sonra aclıq aksiyasını dayandırsa da artıq Saakaşvili əvvəlki kimi deyildi. Bu müddətdə o, həddindən artıq arıqlamış, iki metrə qədər boyu olan adam balaca bir yumağa dönmüşdü. Ayaqları tutulan Saakaşvili sərbəst yeriyə də bilmir. Həbsxananın hospitalına yerləşdirilsə də onun xəstəliyini müalicə etmək mümkün olmadığından beynəlxalq təşkilatların israrı ilə onu özəl klinikalardan birinə apardılar. İndi də məlum olub ki, Saakaşvilinin bədənində zəhərli maddələr taplıb və qanına keçir. Gürcüstanda müalicəsi mümkün olmadığından mütləq azad olunaraq müalicə üçün Avropa ölkələrindən birinə getməsinə şərait yaradılmalıdır.
Qabil Hüseynlinin sözlərinə görə, qərb və ya Amerika Saakaşvilinin azad olunması üçün lazımi səy göstərmədi, onun taleyinə etinasız yanaşdı:
“Formal olaraq dəstəklədilər, müxtəlif səpkili bəyanatlar verib, tövsiyə xarakterli çağırışlar etdilər. Amma Saakaşvili bilavasitə Putinin göstərişi ilə həbs olunduğu üçün İvanişvilinin adamları onun həbsdə qalmasına çalışırlar. Saakaşvili də bunun fərqindədir və özü də etiraf edir ki, əsas hədəfləri Putinin sifarişi ilə onu yox etməkdir. Əfsus ki, o cür böyük siyasətçi tülkü təbiətli İvanişvili ilə onun himayədarı Putinin üzündən əzab çəkməyə məhkum edilib”.
Putinin nifrətinə bələd olan Saakaşvilinin Gürcüstana qayıtmasını çox böyük səhv kimi dəyərləndrən politoloq hesab edir ki, onun Gürcüstana qayıtmasının səbəbi Ukraynanın oliqarx dairələri, ruspərəst qüvvələri tərəfindən qəbul edilməməsi oldu: “Ona qarşı çox böyük tənqidlər vardı. Başqa ölkənin buraya atılmış siyasətçisi gözündə görüb istehza ilə yanaşırdılar deyə Saakaşvili də Ukraynadan bezdi. Eyni zamanda Saakaşviliyə öz ölkəsində tələbat vardı. Əgər Saakaşvili İvanişvilinin adamlarından gizlənib öz partiyadaşlarına qovuşa bilsəydi onu məhv etmək asan olmayacaqdı. Onun mövcudluğu ilə Gürcüstanda müxalifət yenidən canlanacaq və bəlkə də Saakaşvili yenidən hakimiyyətə qayıdacaqdı. Amma həm həbs olunması onun bütün planlarını pozdu, həm də İvanişvilinin pulu növbəti dəfə “Gürcü Arzusu”nun “qələbə” çalmasına səbəb oldu”.
Q.Hüseynli Saakaşvilinin Gürcüstan həbsxanasında ölümə tərk ediləcəyini zənn etmir. Onun sözlərinə görə, eks prezident həbsxanada ölsə, gürcü xalqı İvanişvili hakimiyyətinə qarşı üsyana qalxacaq və inqilab edərək onu devirəcəklər.
Gürcü xalqı hazırda da var gücü ilə Saakaşvilinin həbsinə etiraz edir, onun azad olunması üçün ayağa qalxır.
Amma İvanişvilinin polisləri xalqdan əvvəl ayağa qalxır və kütləvi aksiyalara imkan vermir, etirazçıları zərərsizləşdirirlər.
Amma İvanişvili gec-tez Saakaşvilini azad etmək məcburiyyətində qalacaq”.