Rusiya Azərbaycanı hədəf seçə bilməz

Bəyannaməyə uyğun olaraq türk ordusu Azərbaycandadır

  Rusiyanın ekspert dairələrində Azərbaycanı təhdid edən açıqlamalar verilir. Qərəzli açıqlamalar və anti-Azərbaycan mövqeli yazılar Rusiya kütləvi informasiya vasitələrində geniş yayımlanır. Analitiklər bunun Kreml tərəfindən idarə olunduğuna şübhə etmirlər. Çünki Rusiyada müstəqil KİV-in olmadığını qeyd edirlər. 

  Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Kremlin qərəzli təlimatları bu ilin 22 fevralında imzalanan Moskva Bəyannaməsinin bir çox bəndlərinin Rusiya tərəfindən pozulmasıdır. Ekspert "Ukraynadan sonra Azərbaycanın cəzalandırılması" məsələsinə də toxunub:

 "Rusiya Ukraynada siyasi-hərbi hədəflərinə nail olmayıb. Rusiyanın əlində müasir silahları olsa da, Ukrayna əsgəri daha peşəkar və döyüş qabiliyyətinə malikdir. 

Məsələ ondadır ki, müasir silahlardan Rusiya əsgəri düzgün istifadə edə bilmir, rus ordusunda döyüş qabiliyyəti sıfırdır. Ona görə bilmək olmaz kim cəzalanacaq. Raket atmaqla infrastrukturu dağıtmaq savaşmaq deyil. 

Bu, birbaşa cinayət və terrorçuluqdur. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi var. Bəyannaməyə uyğun olaraq türk ordusu Azərbaycandadır. Rusiya burada Türkiyə ilə üz-üzə gələ bilər. Necə ki Liviyada Türkiyə ordusu Rusiya ordusunun "dizini yerə qoydu". 

Suriyada da eyni vəziyyət yarandı. Rusiyadan verilən açıqlamalarda rəsmi Bakı hədəf seçilsə də, Azərbaycan onlar üçün "zəif loxma" deyil".