Ruslar Qarabağda uzun müddət qalmayacaq

Hazırkı şəraitdə BMT sülhməramlılarının ərazidə yerləşdirilməsi mümkün deyil


  Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa BMT sülhməramlı missiyanın göndərilməsindən danışıb. Bildirib ki, əgər Rusiya sülhməramlıları öz öhdəliyini icra edə bilmirsə, onda bu missiya üçün BMT-yə müraciət edilməlidir. Paşinyan deyib ki, İrəvan beynəlxalq ictimaiyyətdən, o cümlədən sülhməramlıları Qarabağda yerləşdirilən Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvündən daha əsaslı addımlar gözləyir. Moskvanın erməni baş nazirə cavabı gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusunun bir neçə dəfə gündəmdə olduğunu qeyd edib. Vurğulayıb ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər.

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə deyib ki, rus sülhməramlıları Qarabağda uzun müddət qalmayacaq. Ekspert xatırladıb ki, Prezident İlham Əliyev də bu məsələyə aydınlıq gətirib:

"2025-ci ildə ruslar ərazini tərk edəcəklər. Rusiya Qarabağı tərk edəndən sonra sülhməramlı missiyaya başqa ölkələrin də daxil edilməsi ehtimalı mövcuddur. BMT bölgəyə sülhməramlı qüvvələr yerləşdirmək qərarı verərsə, bu, baş verə bilər. Bakı isə hələ bu məsələyə razılıq verməyib. Unutmayaq ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi üçtərəfli razılaşma əsasında olub. Bu mənada prosesə sülhməramlı qismində başqa dövlətlərin qoşulması prinsip etibarilə mümkün deyil. Amma BMT sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə mandat qəbul edərsə, bu halda onun tərkibinə daxil olan sülhməramlı hisslərin tərkibini də müəyyən edə bilər. Hazırkı şəraitdə Qarabağda sülhməramlılar məsələsi BMT Təhlükəsizlik Şurasının gündəmində yoxdur. Yaxın zamanlarda da bu, baş verməyəcək. Mövcud şəraitdə sülhməramlı qüvvələrin tərkibinin dəyişməsi və ora yenilərinin əlavə edilməsi prinsip etibarı ilə mümkün olmayan məsələdir. Lakin belə gedişat istisna da deyil. Keçid dövrü kimi, hansısa kiçik neytral ölkələr - Çexiya, Slovakiyadan olan sülhməramlılar da prosesə qoşula bilər. Bu zaman rus sülhməramlıların sayı kəskin azaldılmalıdır. Bu istiqamətdə BMT çərçivəsində hansısa bir sənəd imzalaya bilərik. Lakin bu barədə danışmaq hələ tezdir".