Makronun arzuları puç olacaq

Fransa başa düşməlidir ki, Qarabağ, Laçın dəhlizi və Şərqi Zəngəzurla bağlı o ölkə heç bir addım ata bilməz

  BMT Təhlükəsizlik Şurasında (TŞ) Fransa-Ermənistan cütlüyünün Azərbaycana qarşı təxribat planları davam edir. 44 Vətən müharibəsi dövründə Fransa tərəfindən BMT-də Azərbaycana qarşı qərəzli davranışlar sərgilənmişdi. Müharibə dövründə Fransanın israrla qəbul etdirmək istədiyi anti-Azərbaycan bəyannaməsi və qətnaməsi BMT TŞ-nin daim üzvləri tərəfindən rədd edilmişdi. Ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Müzakirələrdən dərhal sonra Fransa Şuranın daimi üzvü və hazırda dönəm sədri olaraq Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi göstərərək riyakar və tam ermənipərəst sənəd təqdim etdi. 

Fransa-Ermənistan cütlüyü bu sənədin qəbulu üçün 10 gün hər yola əl atdılar. Amma Fransanın istəyi rədd edildi və BMT TŞ-də Azərbaycan əleyhinə istədikləri bəyanatları qəbul etdirə bilmədilər. 

  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Fransa başa düşməlidir ki, Qarabağ, Laçın dəhlizi və Şərqi Zəngəzurla bağlı o ölkə heç bir addım ata bilməz. Politoloq bildirib ki, Parisin israrları sadəcə olaraq Fransa xarici siyasətinə uğursuzluqlar gətirə bilər: 

"Nəticədə Fransanın Azərbaycana qarşı bu və ya digər yollarla beynəlxalq təşkilatlarda istək və tələblərini həyata keçirə bilmədiyinin şahidi olduq. Fransa Azərbaycana qarşı qətnamələrinin qəbul edilməsinə əl ataraq uduzur və özünü rüsvay etmiş olur. Hazırda Fransa tərəfindən separatçılarla birlikdə Xocalı hava limanının açılması məsələsinin BMT-də qaldırılması ilə bağlı məlumatlar dolaşmaqdadır. Əgər Fransa Ermənistanla birlikdə Qarabağa Xocalı hava limanı vasitəsilə gediş-gəlişin təmin olunmasında səylərini göstərəcəksə, bu, əslində Fransanın bölgədə sülhü deyil, müharibəni görmək istədiyini bir daha göstərmiş olacaq. Fransa hazırda silahları separatçılara quru yolla göndərə bilmədiyindən, bunu hava yolu ilə göndərmək istəyir".
  Z.Məmmədov əlavə edib ki, Fransadakı ermənilər, eyni zamanda separatçılar Vardanyanın maliyyəsi hesabına Makronun şəxsi imkanlarını genişləndirmək niyyətindədir. Amma Fransanın Qafqazla bağlı bütün istəkləri indiyə qədər necə puça çıxdısa, bundan sonra da puç olacaq.