İrəvan sığınacaq axtarışındadır - Arxadan vurulan zərbə!

İrəvan özünə yeni sığınacaq axtarışındadır

Rusiyanın zəifləməsini fürsət bilən ermənilər ənənəvi olaraq öz xəyanətlərini sərgiləyirlər

“Paşinyan Cənubi Qafqazda Rusiyanın mövqeyini, nüfuzunu Fransa ilə əvəzləmək niyyətindədir”

  Son vaxtlar Rusiya və Ermənistan arasında soyuqluq açıq-aşkar müşahidə olunur. Bunu həm yürüdülən siyasətdə, həm də ayrı-ayrı rəsmilərin dilindən səslənən açıqlamalarda görmək mümkündür. Uzun illər Rusiyanın himayəsi və dəstəyi ilə Cənubi Qafqazda işğalçılıq və təcavüz siyasəti yürüdən, iqtisadi təcrid şəraitində ayaqda qalmağı bacaran Ermənistan tədricən Rusiyadan uzaqlaşmağa meyl edir. Doğrudur, bu proses 2018-ci ildə baş verən məxməri inqilabla Nikol Paşinyanın hakimiyyətə gəlməsindən başlayıb. Lakin İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti, daha çox Ukraynada müharibənin başlaması bu prosesi daha da sürətləndirdi. Xüsusən, Rusiyanın müharibədəki uğursuzluqları və dünyadan təcrid olunması, iqtisadi və hərbi baxımdan zəifləməsi Ermənistanı daha da Qərbə doğru sürüklədi. Ekspertlərə görə, qərbyönümlü Paşinyan hakimiyyətinin bu vaxta kimi olan siyasətində ABŞ-dən və Avropa ölkələrindən iqtisadi və siyasi baxımdan dəstək almaq prioritet istiqamət idi. Bununla paralel İrəvan hökuməti hərbi-təhlükəsizlik baxımından Rusiyanın himayəsini də tamamilə əldən buraxmaq istəmirdi. Lakin rəsmi İrəvan istədiyinə nail ola bilmir. Kreml siyasi yönünü Qərbə yönəldən Ermənistana "təhlükəsizlik yastığı" olmaq istəmir. Buna görə də münasibətlərdə müəyyən gərginlik yaranır. Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlılar və KTMT barəsində tənqidləri, Rusiya rəsmilərinin erməni baş nazirə sərt reaksiyası da bu gərginliyin hansı səviyyədə olduğunu göstərir. 
  Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Şərq"ə açıqlamasında deyib ki, Rusiyanın zəifləməsini fürsət bilən ermənilər ənənəvi olaraq öz xəyanətlərini sərgiləyirlər. Deputat bildirib ki, ermənilər dəfələrlə öz havadarlarını arxadan vuraraq onların rəqibləri tərəfə üz tutublar: "İrəvan hökuməti özünə yeni sığınacaq axtarışındadır. Yəni Ermənistan özünə yeni sahib tapmağa cəhd göstərir. Bu istiqamətdə hazırda ən ciddi oyun Fransa ilə qurulub. Paşinyan Cənubi Qafqazda Rusiyanın mövqeyini, nüfuzunu Fransa ilə əvəzləmək niyyətindədir. Gözləyirlər ki, Rusiya tamam zəifləsin, çöksün. Ermənistanın sıx inteqrasiya etdiyi ölkələrdən biri də İrandır. Rusiyanın imkanları məhdudlaşarsa, o zaman İran və Fransa Ermənistan üçün yeni sahibə çevriləcəklər. Hazırda bu oyunlar gedir. Amma Rusiya hələ çökməyib. Rus ordusu da Ermənistanın daxilindədir. Görünür, İrəvan hökuməti ara-sıra gələcək sahiblərinə mesajlar ötürür. Öz öhdəliyini icra edir. Ancaq Rusiyadan da qorxduğuna görə, bu istiqamətdə daha ciddi, əməli addımlar atmır".