Paşinyan yoxsa, "xuliqan"? - Az qalıb ömrün sənin, çətinlik gələr artar qəmin...


Vardanyanların, Araiklərin ömrünə çox az qalıb
Elə vəziyyət yaranacaq ki, çətinliklərdən bezən ermənilər özləri separatçılara qarşı çıxacaq
“Qarabağ məsələsi artıq bağlanıb, Paşinyanın indiki açıqlamaları heç nəyi həll etmir”
  "2022-ci ilin oktyabrında Praqada kapitulyant Paşinyan nəhayət və rəsmi şəkildə Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmağına razılıq verdi”. Bunu erməni türkşünas Varujan Geğamyan feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bundan sonra heç bir vasitəçi tərəf, o cümlədən Rusiya və ya İran artıq Qarabağın Azərbaycandan kənarda olması məsələsini qaldıra bilməz. Çünki Ermənistanın de-fakto lideri erməni tərəfinin rəsmi nümayəndəsi kimi deyib ki, ermənilər Qarabağın Azərbaycanın tərkibində olmasının tərəfdarıdır: "Bu, faktdır, fikir deyil. Vəssalam. Bütün mənzərə budur. Daha çoxunu deyim, növbəti addımla eyni şey daha sürətli şəkildə Zəngəzurda olacaq. Yeganə çıxış yolu de-fakto Türkiyəyönlü hökumətin heç bir “amma” olmadan kənarlaşdırılmasıdır”. Rusiyalı politoloq Vitali Arkov isə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan özünü "məktəbli və xuliqan" kimi aparır. Arkovun sözlərinə görə, Paşinyanın siyasi imicini İlham Əliyevin imici ilə müqayisə etmək olmaz. O, buna bir nümunə kimi iki liderin verdikləri müsahibələri göstərib: "Əliyev Ermənistana son xəbərdarlıq etdi. Hesab edirəm ki, Bakı və Moskva bu mövqeləri razılaşdırıblar. İrəvan Rusiya ilə münasibətlərdə artıq bütün sərhədləri keçdi və bu yalnız Bakıya sərf edir. Paşinyan nə deyir-desin, Qarabağ məsələsi artıq bağlanıb. Onun qarışıq tezisləri yalnız bütün qüvvələri bir anda sevindirmək istəyinin sübutudur. İstərdim ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə yadda qalmasın, sona qədər siyasi-diplomatik metodlara əməl edilsin. Lakin Ermənistan tərəfindən təxribatlar mümkündür və bu, böyük savaşa yol aça bilər”. Onun sözlərinə görə, erməni xalqının belə bir liderə sahib olması həqiqətən təəssüf doğurur. Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan da Paşinyanın açıqlamasından danışıb. O deyib ki, Ermənistan hakimiyyəti artıq öz mövqeyini bildirib və Paşinyanın bundan sonra edə biləyəcəyi heç nə yoxdur.
  Millət vəkili Elman Məmmədov "Şərq"ə bildirib ki, Paşinyan siyasət aləmində dayanıqlı mövqeyə malik olmayan, qeyri-ciddi fiqurdur. Deputat deyib ki, baş nazir sərbəst, müstəqil idarəçi deyil: "Paşinyan hansı qüvvələr tərəfindən kürsüdə oturdulubsa, onlar tərəfindən də idarə olunur. Son günlər Rusiyaya qarşı sərgilədiyi mövqe ilə bunu aşkar şəkildə ortaya qoyur. Paşinyan Qərbdən Rusiya əleyhinə danışmaq, Moskvanın bölgədəki rolunun təhlükəli olduğunu dilə gətirmək tapşırığı alıb. Məqsəd Ermənistanı Rusiyadan tədricən aralamaq və qərbyönümlü dövlət etməkdir. Ancaq bu məsələ Paşinyanın gücündə deyil. Erməni baş nazirin nə deməsindən asılı olmayaraq, Ermənistanın Rusiyanın nəzarətindən çıxması qeyri-mümkündür. Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən birbaşa Moskvadan asılıdır. Paşinyan Moskvaya necə qarşıdır ki, ölkəni, hava məkanını, sərhədləri rus əsgərlər qoruyur. Belə məqamda Ermənistanın Kremldən qopması çətindir".
  E.Məmmədov bəyan edib ki, Paşinyan vəziyyətə uyğun olaraq Qarabağla bağlı ara-sıra açıqlamalar verir: "Əslində onun əvvəl dedikləri ilə son günlər səsləndirdikləri arasında da ziddiyyət var. Bir müddət əvvəl dedi ki, "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq". Ötən gün isə deyir ki, "dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır". Hansı sözünə inanaq? O baxımdan Paşinyanın açıqlamalarını çox da ciddi qəbul etmirəm. Çünki onun sözləri heç nəyi həll etmir. Qarabağ Azərbaycan torpağıdır. Cənab Prezidentimizin dediyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olaraq vətəndaşlığı qəbul etsələr, onların bütün hüquqları təmin olunacaq. Rahat, təhlükəsiz həyat yaşayacaqlar. Əks təqdirdə yol açıqdır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Ermənistanla Qarabağ məsələsi heç vaxt müzakirə olunmayacaq".
  Parlament üzvü qeyd edib ki, Paşinyan SOROS məktəbinin yetirməsidir. Ruben Vardanyanı isə bölgəyə göndərən Moskvadır: "İki şəxs müxtəlif mərkəzlərə və kurslara xidmət edir. Ona görə də heç vaxt mövqeləri bir-birinə uyğun gəlməyəcək. Bu da bizim xeyrimizə işləyir. Vardanyanların, araiklərin, bütün separatçıların ömrünə az qalıb. Qarabağda elə vəziyyət yaranacaq ki, oradakı çətinliklərdən bezən ermənilər özləri separatçılara qarşı çıxacaq".