Üçüncü müharibə gözlənilir? - RƏY

Üçüncü müharibə gözlənilmir
Ermənistan və onun havadarları Bakının mesajlarını aldı
Əgər ölkəmizə qarşı hansısa təxribat hazırlanacaqsa, təbii ki, vəziyyət bu dəfə başqa olacaq
  
  Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan arasında son iki ildə davam edən sülh prosesindən ətraflı danışdı. Dövlət başçısı vurğuladı ki, ölkəmiz bölgədə üçüncü müharibəni istəmir. Buna görə də qısa müddətdə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır: "Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”. Prezident vurğulayıb ki, ərazi bütövlüyünə və suverenliyə, Almatı Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar: "Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu”. Dövlət başçısı qeyd edib ki, nədənsə, erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir: "Yəni incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda".
  Həqiqətən də biz son iki ildə Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqlarına nəzər salsaq, görərik ki, ölkəmizin mövqeyi aydın və prinsipialdır. Otuz ilə yaxın müddətdə torpaqlarımızın işğalda qalmasına, bir milyon vətəndaşımızın məcburi köçkün vəziyyətinə düşməsinə, vaxtı ilə zəbt olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizin məhv edilməsinə baxmayaraq, bu gün Ermənistana sülh təklif ediriksə, bu, ölkəmizin sülhpərvər siyasətindən xəbər verir. Ancaq görünən odur ki, son iki ildə Ermənistan hakimiyyəti ölkəmizin bu xoşməramlı, konstruktiv siyasətindən düzgün nəticə çıxarmaq əvəzinə ziddiyyətli, destruktiv və irrasional mövqe nümayiş etdirərək vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Ancaq ölkə başçısının dediyi kimi, Ermənistan heç kimə güvənməsin və 2023-cü ili son şansı kimi dəyərləndirsin. Ermənistan nəzərə alsın ki, 2025-ci ildə Rusiya sülhməramlı kontingenti bölgəni tərk edəcək. Erməni cəmiyyəti və hökuməti artıq düzgün qərarlar qəbul etməli, iki ölkə arasında problemlərin həllini nəzərdə tutan sülh müqaviləsini imzalamalı, üzərinə götürdüyü öhdəlikləri tam həyata keçirməlidir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın səbri sonsuz deyil.
Millət vəkili Nəsib Məhəməliyev deyib ki, Prezident növbəti dəfə Ermənistana çağırış etdi: "Ölkə başçısı çox düzgün ifadə etdi ki, sərhədlərin delimitasiya və demarkasiya məsələləri daha çox Ermənistanın özünə lazımdır. İndiki halda vəziyyət bizi qane edir, biz öz istədiyimiz yerdən sərhədləri çəkirik. Bu baxımdan Prezident qeyd etdi ki, biz iki il ərzində Ermənistana təzyiq edirdik, Ermənistanla danışıqlarda sənədlərin delimitasiya və demarkasiya məsələlərini qaldırırdıq və Ermənistan bundan yayınırdı. İndi Ermənistan özu məcbur olacaq ki, sərhədlər müəyyənləşdirilsin və onun nəticəsi olaraq sülh müqaviləsi imzalansın. Prezident Ermənistanın yenidən silahlanması məsələsinə də toxundu. Ermənistana və onun havadarlarına xüsusi mesajlar verdi. Dövlət başçısı bildirdi ki, yeni silahlar alması Ermənistana kömək etməyəcək. Əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə var, bu təhlükəni dərhal dəf edəcəyik. Əgər Ermənistan təkrar səhvə yol versə, bu, onlar üçün faciə ilə nəticələnəcək. Təbii ki, bu mesaj İrəvanla yanaşı, onları müharibəyə təhrik edən qüvvələrə də bir xəbərdarlıq idi. Prezident, həmçinin üçüncü müharibənin olmayacağına əminliyini vurğuladı. Lakin bununla yanaşı, lokal şəkildə hansısa müharibələr, toqquşmalar olacağı halda, Ordumuzun Azərbaycan dövlətinin maraqlarını müdafiə edəcəyini qeyd etdi".
  Politoloq Zaur Məmmədov da qeyd edib ki, Prezident müsahibəsində üçüncü müharibəni gözləmədiyini vurğuladı. Amma bunu o kontekstdə dedi ki, Azərbaycanın müharibə niyyəti yoxdur: "Əgər Ermənistan və havadarları ölkəmizə qarşı hansısa təxribat hazırlayarsa, yaxud sərhədlərdə, Qarabağda problem yaranarsa, təbii ki, vəziyyət başqa olacaq. Dövlət başçısı çox maraqlı fikir bəyan etdi ki, təkcə öz sərhədlərimiz daxilində deyil, eyni zamanda sərhədlərdən kənarda da təhlükəsizliyimizi qoruyacağıq. Bu, çox vacib mesaj və ismarıc idi. Ermənistan rəhbərliyi təkcə Qarabağın dağlıq hissəsi ilə deyil, ümumilikdə regionun xəritəsi ilə bağlı ehtiyatlı davranmalı, Azərbaycanın səbr kasasını doldurmamalıdır. Məhz "2023-cü ilin Ermənistan üçün son şans olaraq" dəyərləndirilməsi, "2025-ci ildə sülhməramlılarının çıxarıla bilər" mesajı da İrəvan hökumətinə ciddi mesaj idi. Bu reallıqlar Ermənistanın iqtidarı və müxalifəti tərəfindən qəbul edilməlidir. Nəhayət biz bu il başa düşəcəyik ki, Ermənistan konkret nə istəyir? Sülhə hazırdır, ya yox. Cənab Prezident də qeyd etdi ki, əgər Ermənistan sülh müqaviləsi istəyirsə, sənəddə konkret nüanslar öz əksini tapmalıdır və Qarabağ məsələsi qaldırılmamalıdır. Qarabağ Azərbaycanın daxili işidir".