“Paşinyan demokratiyası” çat verir


22 deputatın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib
Ermənistan Parlamenti “Ermənistan” fraksiyasının 22 deputatının səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Qeyd edək ki, “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. 107 deputatdan ibarət parlamentin 71-i isə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. “Ermənistan” fraksiyasının başında Paşinyan iqtidarına qarşı sərt mövqeyi ilə seçilən keçmiş müdafiə naziri Seyran Ohanyan dayanır. Onun da adı mandatdan məhrum ediləcək deputatların siyahısına əlavə edilib. Eks-prezident Serj Sarkisyanın “sağ əli” hesab edilən, şərti olaraq “Qarabağ klanı” adlandırılan qruplaşmada təmsil olunan Ohanyan Xocalı soyqırımının törədilməsində iştirak edib. Ohanyan 2008-ci ildə Ermənistanın hərbi siyasətinin həyata keçirilməsinə rəhbərlik edib. Bundan öncə isə Ermənistan silahlı qüvvələrin baş qərargah rəisi olub.
Siyasi şərhçi Azər Niftiyev bildirib ki, 2018-ci ildə Ermənistanda baş verən inqilab nəticəsində hakimiyyətə gələn “Paşinyan demokratiyası” çat verir. Analitikə görə, mütəmadi olaraq “Soros uşaqları”na xas ərköyünlüyü, ittiham ritorikası, qəribə və ziddiyyətli bəyanatları ilə gündəmə gələn Paşinyan çıxış yolunu parlamenti təmizləməkdə görür: "Ölkəsinin parlament respublikası olmasını, 22 müxalif deputatı uzaqlaşdırmaqla siyasi hakimiyyətini uzatmağı hədəfləyən Ermənistan iqtidarının bu anti-demokratik addımına beynəlxalq təşkilatlar - “Amnesty International”, “Freedom House”, “Human Rights Watch” və digər təsisatlar heç bir reaksiya vemirlər. Bir müddət öncə Gümrüdə keçirilən etiraz aksiyası zamanı 100-dən çox iştirakçının saxlanılmasına da beynəlxalq birlik tərəfindən etinasız münasibət nümayiş olundu. Bu, bir daha təsdiq edir ki, özünü “demokratiyanın beşiyi”, “ədalətin carçısı”, “insan hüquqlarının müdafiəçisi” elan edən beynəlxalq dairələr üçün “bəşəri demokratik missiya” öz maraqlarını qorumaq üçün sadəcə bir alətdir. Laçın-Xankəndi yolunda sərvətlərimizin talanmasına, torpaqlarımızın ekoloji və mina terroruna məruz qoyulmasına etiraz edən azərbaycanlı fəalların haqlı aksiyasına etiraz bəyanatı səsləndirənlər faktiki olaraq bütün müxalifətin parlamentdən qovulması kimi anti-demokratik addıma heç bir reaksiya vermirlər".