Son döyüş başladı:Ən çətin vəziyyətdə Paşinyandır


Baş nazir həm hakimiyyətə, həm də Azərbaycanla danışıqlara görə ciddi pressinq qarşısında qalacaq


“Rəsmi Bakı Vardanyanla bağlı qəti mövqeyini aidiyyəti beynəlxalq subyektlərə çatdırıb" 


  Qarabağda separatçı rejimin “rəhbərliyi” - Araik Arutyunyan və Ruben Vardanyan istefaya gedir. Eyni zamanda qondarma “milli təhlükəsizlik xidmətinin direktoru” Armen Akopcanyan da “vəzifə”dən” uzaqlaşdırılır. Bu barədə “Hraparak” nəşri yazıb. Məlumata görə, Arutyunyan qondarma rejimin keçmiş “rəhbəri” Bako Saakyanla “dövlət naziri”nin dəyişdirilməsi məsələsini müzakirə edib. Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var. Nəşr yazıb ki, Vardanyan Araik Arutyunyanın xahişi ilə gedir: 

"Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda “siyasi qüvvələr” buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Araik Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. 

Eyni zamanda “milli təhlükəsizlik xidmətinin direktoru” da “postun”dan göndərilir”. İstefa verəcəyi xəbərləri yayıldıqdan sonra Ruben Vardanyan feysbuk profilində bunu təkzib edib və “hər kəsi birliyə” çağırıb. Əlavə edib ki, “Araik Arutyunyanın və parlamentin də istefası qəbuledilən deyil”. 

  Qeyd edək ki, separatçıların qondarma “parlamenti”nin, o cümlədən, Arutyunyanın da istefaya gedəcəyi haqda məlumatlar yayılıb. Bu məlumatlara istinadən irəli sürülən versiyalardan biri belədir ki, bununla rejim tamamilə ləğv olunacaq. Separatçı “parlamentin spikeri” Artur Tovmasyan “İravunk” qəzetinə açıqlamasında qondarma rejimdə növbədənkənar “parlament” və “prezident” “seçkiləri”nin olacağını istisna etməyib. 

Onun bu açıqlaması yayılan məlumatları da dolayısı ilə təsdiq edib. Vardanyan israrla məlumatları təkzib etsə də, “MediaHub” teleqram kanalı onun bu gün istefa verəcəyi haqda məlumat yayıb. “Hraparak” nəşri isə yazır ki, məsələ Vardanyandan “daha böyük yerdə” həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin “rəhbərliyi” Qarabağı tərk edəcək. 

  Politoloq Zaur Məmmədov deyib ki, Vardanyan-Arutyunyan- Paşinyan arasında münaqişənin açıq fazaya keçməməsi mövcud reallığı dəyişmir: "Son 4 gündə Vardanyanın teleqram kanalları Arutyunyanın imicinə zərbə vurmaq üçün əllərindən gələni etdilər. Dayanmaq qərarına gəlsələr də, əslində hər şey hələ indi başlayır.

  Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da "hakimiyyət" davası böyüyəcək. Belə gedişlə ən çətin vəziyyətdə Paşinyan qala bilər. Baş nazir həm hakimiyyətə, həm də Azərbaycanla danışıqlara görə ciddi pressinq qarşısında qalacaq. Rəsmi Bakı Vardanyanla bağlı qəti mövqeyini aidiyyəti beynəlxalq subyektlərə çatdırıb". 

  Siyasi şərhçi Aqşin Kərimov isə bildirib ki, Ruben Vardanyan Rusiya layihəsidir, amma fikir verirsinizsə, Qərb platformaları bundan çox narahat deyil: 

"Ümumilikdə Rusiyanın regionda sıxıb suyunu çıxarmaq istəyən Qərb Vardanyan mövzusunda susqun təsir bağışlayır. Vardanyan Putinin qeyri-leqal pul kisəsidir və çirkli vəsaitlərin yuyulub ofşor zonalara transferi işini görən fiqurlardan biridir. Deməli, Vardanyan Rusiya ilə Qərb arasında qanunsuz bağ yaradan bir teldir. 

  Bunu sübut edə biləcək fakt odur ki, Vardanyan vaxtı ilə Putinə yaxın olan "Troyka Dialoq" İnvestisiya Bankına başçılıq edib. Bu, Bankın ofşor şirkətlərin geniş şəbəkəsi yaratdığı Avropa İttifaqının dəstəyi ilə aparılan işlə sübut olunub.

  Ofşor şirkətlər Vardanyan vasitəsilə Rusiyadan qeyri-qanuni gəlirlərin nağdlaşdırılaraq çıxarılmasına nail olub. Söhbət 76 şirkətdən və 4.6 milyard dollardan gedir. Təbii ki, ortada böyük həcmli pullar varsa, bu zənciri yaradan şirkətlər siyasətə də təsir göstərir. 

Nüfuzlu analitik Tomas De Vaal bu yaxınlarda Vardanyanı az qala Qərbin layihəsi kimi qələmə verdi. Məncə, cənab Vaal məhz çirkli layihələrə diqqət çəkmək istəmişdi. Vardanyan Rusiya üçün strateji layihədir. Ancaq Qərb üçün strateji deyil, lakin sərfəli "kadrdır".