Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək 

Elxan Şahinoğlu: "Əlbəttə, baş nazir Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır"

  "Rusiya Prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Putinin başı qarışıq olduğu üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab verirlər:

"Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”. Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərini reallaşdırmasından keçir. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli, Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir".