Vardanyana inam qalmadı

Proseslər Qarabağın tamamilə dövlətimizin nəzarətinə keçməsi yönündə irəliləyir

“Azərbaycanın güclənən mövqeyi Paşinyanı da ağıllandırır. Baş nazir Azərbaycanla sülh müqaviləsində maraqlıdır”



  Son günlər Ermənistan mediasında separatçıların lideri Araik Arutyunyanın "dövlət naziri" Ruben Vardanyanı vəzifəsindən azad edəcəyi, həmçinin özünün də istefa verəcəyi haqqında xəbərlər yayılır. İddia olunur ki, İrəvan Vardanyanı uzaqlaşdırmaqla ikinci plana atılmış separatçı Araikin mövqeyini yenidən gücləndirməyə çalışır. Xankəndidə separatçılar arasında qarşıdurma Ermənistan siyasiləri tərəfindən də etiraf olunur. Parlamentin vitse-spikeri, "Hayastan" fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib ki, onların səhv etmək şansı yoxdur: "Qarabağda müstəsna siyasi-sosial konsolidasiya vacibdir. Hansısa şəxsiyyətin ətrafında deyil, əleyhimizə olan planlar ətrafında birləşmək lazımdır. Qarabağ siyasi mənfəət, şəxsi ambisiyalar, haqq-hesab çürütmək yeri deyil".

  Qeyd edək ki, Ruben Vardanyanın Qarabağa gəlməsindən sonra həm buradakı separatçılar, həm də Xankəndi ilə İrəvan arasında münasibətlər gərginləşməyə başlayıb. Azərbaycanlı ekoaktivistlərin Laçın yolunda bir aydan artıqdır davam edən aksiyası isə bu qarşıdurmanı daha da gücləndirib. Ermənistan hakimiyyəti və Qarabağ separatçılarının bir çox məsələlərə, o cümlədən Laçın yolu ilə bağlı məsələyə baxışları da ciddi fərqlənir. Paşinyan və onun Qarabağdakı əlaltıları hesab edirlər ki, Qarabağda təhlükəsizliyə Rusiya sülhməramlıları cavabdehdirlər və Laçın yolu ilə bağlı məsələni də onlar həll etməlidirlər. İkincisi, Ermənistan rəhbərliyi bu məsələni demək olar ki, Azərbaycanın daxili işi sayır və Qarabağ ermənilərini məsələni rəsmi Bakı ilə yoluna qoymağa çalışırlar. Üçüncüsü, Laçın yolu aksiyasından istifadə edən Ermənistan rəhbərliyi sülhməramlıları tənqid etməklə kifayətlənmir, həmçinin ölkə daxilində anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməyə davam edirlər. Təsadüfi deyil ki, bu günlərdə mətbuat konfransı keçirən Baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistanın təhlükəsizliyinə qarant deyil, təhdid olduğunu bəyan etdi. O, həmçinin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinə qatılmayacağını bildirdi. Nəhayət, son iki həftə ərzində Ermənistan daxilindəki Rusiya əleyhdarları 3 aksiya keçiriblər və Rusiyanın Gümrüdəki 102 saylı bazasını bloklamağa cəhd ediblər. Bir sözlə, Ermənistanda Rusiya hərbi qüvvələrinin ölkədən çıxarılması tələbləri intensivləşib. Ermənistan rəhbərliyi Qərbyönlü kursu davam etdirir və bütün imkanlardan yararlanaraq, hakimiyyət dəyişikliyinin "Vardanyan ssenarisi"ni əngəlləməyə çalışır. İrəvanda yaxşı başa düşürlər ki, Ruben Vardanyanın mövqelərinin Qarabağda güclənməsi, onun qol-qanad açması milyarderin ambisiyalarını da gücləndirəcək. O, Rusiyanın xeyir-duası ilə Ermənistanda hakimiyyət uğrunda mübarizəyə başlayacaq. Ruben Vardanyana gəlincə, o, Qarabağa gəldiyi gündən Paşinyanın Rusiya və rus sülhməramlıları ilə bağlı tənqidi fikirlərinə qarşı çıxmaqla məşğuldur. Vardanyan Laçın yolundakı vəziyyətə görə Paşinyandan fərqli olaraq nəinki sülhməramlıları tənqid edir, əksinə, onların sayının və Qarabağda qalma müddətinin artırılmalı olduğunu bildirir. 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, əslində Qarabağda qarşıdurma gözlənilən idi. Professorun sözlərinə görə, Qarabağda separatçılarla arzuolunmaz "qonaq" arasında mövcud gərginliyin əsas səbəblərindən biri də Laçın-Şuşa yolunda bir aydan çoxdur davam edən etiraz aksiyasıdır: 

"Aksiyadan öncə, yəni Laçın yoluna nəzarət etmək imkanımız yaranmazdan qabaq separatçılar kənar dairələrlə pərdəarxası müxtəlif oyunlar oynayırdılar. Rahat gediş-gəliş imkanları olduğu üçün öz məkirli planlarını icra edirdilər. Aksiya başlayandan sonra Laçın yoluna nəzarət gücləndi və diqqət mərkəzində oldu. Nəticədə bəzi ölkələrin Ermənistandan Qarabağa silah-sursat və təxribatçı daşıması baş tutmadı. Qarabağdakı separatçılar siyasi-iqtisadi, o cümlədən psixoloji iflasa uğradılar. Real faktlar gün işığına çıxdı. Həm İrəvan hökuməti, həm də Qarabağın qondarma qurumları vəziyyətin gərginliyini dərk etdilər. Bakı-Ankara ortaqlığının yürütdüyü ağıllı və uzaqgörən siyasət artıq öz bəhrəsini verməkdədir. Ermənistan Rusiya-İran duetindən Azərbaycan-Türkiyə tandeminə qarşı istifadə etməyə çalışsa da, buna nail ola bilmədi. Azərbaycanın güclənən mövqeyi Paşinyanı da ağıllandırır. Baş nazir Azərbaycanla sülh müqaviləsində maraqlıdır. Məncə, Vardanyan-Arutyunyan mübarizəsi Moskvanın ssenarisidir. Məqsəd milyarder Vardanyanın pulları hesabına erməni toplumunu ələ almaq və onu Ermənistanda hakimiyyətə gətirmək idi. Problem ondadır ki, Ukrayna ilə savaş səbəbindən Kremlin indiki siyasi-iqtisadi gücü buna imkan vermir. Vardanyan da cığallıq edir, çünki vədlərə aldanaraq, kifayət qədər vəsait xərcləsə də, heç nə əldə etmədi. Qarabağdakı qızıl-mis yataqlarının istismarı da baş tutmadı. Vardanyan nəinki Ermənistanı, heç Qarabağı ələ keçirə bilmədi. Qarşıdurmanın açıq müstəviyə keçmə səbəbi budur".

  C.Nuriyev hesab edir ki, ümumən, proseslər Qarabağın tamamilə Azərbaycan dövlətinin nəzarətinə keçməsi yönündə irəliləyir:

 "Separatçılar arasındakı çaşqınlıq, gərginlik, qarşıdurma da bunun nəticəsidir. Batan gəmidən birinci siçanlar qaçır. "Böyük siçan" Vardanyan da canını qurtarmaq üçün batan gəmini tərk etməyə tələsir. Azərbaycan pərdəarxası gedən şahmat oyununu qazanmaq üzrədir. Bu gedişlə təkcə Qarabağdakı separatçıların deyil, Ermənistan hökumətinin də "fatihəsi" verilməkdədir. Əgər Paşinyan müqavilənin imzalanmasını yubadarsa, yaxud imtina edərsə, Ermənistan adlı "siyasi meyiti" ortadan qaldıran tapılmayacaq".