Ermənistan boşuna gözləyir

İndi Fransanın arsenalında Azərbaycana qarşı elə də güclü təzyiq imkanları qalmayıb

  "Qarabağdakı separatçılar timsah kimi saxta gözyaşı axıdaraq hələ də dünya birliyini və ayrı-ayrı ölkələrin liderlərini “blokada” yalanına inandırmağa çalışırlar. 
  Lakin gözləntiləri doğrulmur, ümidləri puç olur". Bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya sədri bildirib ki, bu vəziyyət həm separatçıları, həm də İrəvandakı revanşistləri bir qədər də qəzəbləndirir: "Bu gün Fransanın İrəvandakı səfirliyinin qarşısında Makronun əleyhinə təşkil olunan etiraz aksiyasını da məhz həmin qəzəbin və xəyal qırıqlığının nəticəsi kimi yozmaq lazımdır. 

Etirazçılar Fransa liderini Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər. Eyni zamanda aksiyaçılar rəsmi Parisi real addım atmağa, ermənilərə kömək etməyə çağırıblar. Bu da əsl erməni riyakarlığının bir ayrı təzahür formasıdır. Onlar Fransanı həm ittiham edir, həm də köməyə çağırırlar. Bu cür əcaib davranış tərzini yalnız ermənilərdən gözləmək olar.  Çar Rusiyasının və sovet Rusiyasının sayəsində “müstəqil xalq”a çevrilən və özgə torpaqlarının hesabına özünə “dövlət” quran nankor ermənilər bu gün Rusiyadan üz çevirib Fransanın qanadı altına sığınmaq istəyirlər. Lakin Fransa da onların ümidlərini doğrultmur. Ona görə də ermənilər bir yandan Fransaya qəzəb püskürür. Digər yandan isə yenə də Fransanı köməyə çağırmaqda davam edirlər. Onlara elə gəlir ki, bu çağırışın hansısa real nəticəsi olacaq və Fransa həqiqətən də onların köməyinə yetişəcək. Lakin bu, illüziyadan başqa bir şey deyil. Ermənilər illüziyalarla yaşamağa vərdiş ediblər". 

  Siyasətçi vurğulayıb ki. Fransanın Ermənistana və Xankəndidəki separatçılara nə hərbi, nə də iqtisadi cəhətdən ciddi kömək etməsi mümkündür: 

"Paris bu aralar Azərbaycana qarşı edə biləcəyi hər cür pisliklərə əl atdı. Ermənilərin ümidlərini az da olsa doğrultmaq üçün hətta BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamə də qəbul etdirməyə çalışdı. Lakin bütün cəhdləri boşa çıxdı. İndi Fransanın arsenalında Azərbaycana qarşı elə də güclü təzyiq imkanları qalmayıb. 

Ermənilər boşuna gözləyirlər. İstər separatçıların, istərsə də rəsmi İrəvanın Laçın yolundakı ekoaksiyanı dayandırmaq üçün beynəlxalq güclərin vasitəsilə Azərbaycana göstəridyi bütün diplomatik təzyiqlər iflasa uğrayıb. Bu da bir daha onu göstərir ki, sözügedən ekoaksiyanın davam etdirilməsi öz müsbət nəticələrini verir. İndi separatçıların başçıları həm özlərini, həm də girov vəziyyətində saxladıqları mülki erməniləri xilas etmək üçün Fransa, Rusiya, İran və başqa qüvvələrə bel bağlamaq əvəzinə rəsmi Bakının tələbləri ilə razılaşmağa və separatçı fəaliyyətə son qoymağa qərar verməlidirlər. Vardanyanın avantürist oyunları dayandırılmalıdır və o, Xankəndini təcili tərk etməlidir. Əks halda, Azərbaycanın kiçikmiqyaslı antiterror əməliyyatı keçirməsi Vardanyanı da, digər separatçıları da bitirəcək". 

  Ə.Hüseynov qeyd edib ki, “Artsaxın 120 min erməni əhalisi blokadada yaşayır” kimi bleflərə də son qoyulmalıdır: 

"Rusiya sülhməramlıları da, separatçıların özləri də yaxşı bilir ki, hazırda sülhməramlıların müvəqqəti nəzarət zonasına daxil olan Azərbaycan ərazilərində nəinki 120 min, heç  40 min nəfər də erməni yaşamır. Onların real sayı uzağı, 15-20 min civarında ola bilər. Separatçıların “120 minlik demoqrafik blef”i də acı gülüş doğurur. İndi bu cür uydurmalara hətta Fransa kimi ənənəvi ermənipərəst bir ölkənin siyasi liderləri, parlamentariləri də inanmırlar. Başqa sözlə desək, erməni saxtakarlığı indi onların öz əleyhinə işləməyə başlayıb. 

  Rəsmi Bakı hazırkı kursu davam etdirdikcə və təzyiqləri artırdıqca, separatçıların müqaviməti get-gedə daha da azalacaq və qırılacaq. Separatçılarla yalnız təzyiq dili ilə davranmaq lazımdır. 

Onlarla nə danışıqlara getmək, nədəki hər hansı güzəştə getmək olar. Son 50 ildə dünyada separatçılıq problemi ilə üzləşmiş ölkələrin heç biri (hətta Fransanın özü də) separatçılara qətiyyən güzəştə getməyib. Biz də beynəlxalq təcrübədən istifadə edib Qarabağda separatçılığın kökünü tamamilə kəsməliyik. Zatən beynəlxalq hüquq da bizim tərəfimizdədir".