100-dən çox təklif nəzərə alındı

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

“Siyasi partiyalar haqqında” yeni qanun dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək


  Son illərdə ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyi, bu istiqamətdə ardıcıl və sistemli addımlar atıldığı beynəlxalq aləmdə də etiraf olunur. 2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi.

Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və bu istiqamətdə bütün imkanlardan istifadə olundu. Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi tarixi Qələbəmizin qazanılmasında mühüm əhəmiyyət kəsb etdi. İslahatlar qanunların daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması zərurətini də yaratdı. Bu yolda ən mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu. 

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi prioritet vəzifələrdən biri idi. Çünki bu qanun ilk dəfə 30 il bundan əvvəl qəbul edilmişdi. Bu müddət ərzində respublikamız sürətlə inkişaf edərək dünya birliyində yüksək tribuna qazanmış, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrilmiş, əlaqələri daha da genişlənmişdi. 

Ən başlıcası, dünyada qalib Azərbaycan kimi tanınmışdı. Belə bir şəraitdə siyasi partiyaların da öz işlərini müasir tələblər səviyyəsində qurmaq zərurəti yarandı. Əksər siyasi partiya rəhbəri Milli Məclisin sədrinə müraciət edərək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasının vacibliyini bildirdilər. Dünyanın 20-dən çox aparıcı ölkəsinin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınaraq qanun layihəsinin hazırlanması prosesi başlandı. Venesiya Komissiyasının tövsiyəsi əsasında əvvəlcə layihənin geniş ictimai müzakirələri keçirildi. Əlliyə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada Milli Məclisə təqdim etdi. Şəffaflığın maksimum səviyyədə təmin olunması məqsədilə qanun layihəsi parlamentin saytında yerləşdirildi. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qanun layihəsində əksini tapmış əsas məsələlərlə bağlı 40 sualdan ibarət ictimai rəy sorğusu keçirildi. Milli Məclisin komitələrində müzakirə olunduqdan sonra plenar iclasda üç oxunuşdan sonra qəbul edildi.

  Millət vəkili Ceyhun Məmmədov bildirib ki,  “Siyasi partiyalar haqqında” yeni qanun siyasi partiyalara yeni imkanlar yaradır. Deputat diqqətə çatdırıb ki, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi: 

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir. Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Heç şübhəsiz ki, dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edirdi. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. Beləliklə, qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. Keçirilən bütün ictimai dinləmə və müzakirələr Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi. Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı".

  C.Məmmədov qeyd edib ki, ümumilikdə 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alındı: 

"Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirildi. Tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak edərək qanun layihəsinə edilən dəyişikləri yüksək qiymətləndirdilər. 

  Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni qanun bir sıra vacib məqamlarla diqqəti xüsusi çəkir. Yeni qanuna əsasən, siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə Apellyasiya Məhkəməsi tərəfindən baxılır. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. 

Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Eyni zamanda dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. 

Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. 

Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər".

  Parlament üzvü vurğulayıb ki, qanuna görə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsinə yol verilmir: 

"Eyni zamanda Silahlı Qüvvələrdə, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində siyasi partiyaların təsis edilməsi, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qadağandır. Heç şübhəsiz ki, qanunda siyasi partiyaların təsis edilməsi prosesi də tam və geniş şəkildə əksini tapıb. Siyasi partiyalar bu prosedura əməl edərək qeydiyyatdan keçə və Azərbaycanda fəaliyyətlərini davam etdirə bilərlər. Sonda qeyd etmək lazımdır ki, proseslərin təhlili bizi qarşıda yeni çağırışların gözlədiyini göstərir. 

Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq. 

Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək".