Yurda qayıdış: Nüvədi kəndi ...

Ermənilərin deportasiyasına məruz qalan sonuncu türk kəndi 

Akademik Fikrət Əliyev: “Bir nömrəli vəzifəmiz odur ki, alimlərimizin məqalələri beynəlxalq müstəvidə yayılsın və dünya ictimaiyyətinin diqqətinə çatdırılsın”

  Qərbi Azərbaycan İcması son günlər aktiv fəaliyyətə keçib. İcmanın Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər, daxildə müxtəlif qurumların, tədqiqat komissiyalarının yaradılması da bunun bariz nümunəsidir. Görünən odur ki, İcma bütün imkanlarını səfərbər edərək Prezident İlham Əliyevin bu yöndəki tapşırıqlarını icra etməkdədir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalara əsasən öz yurdlarına geri dönüşünə dair “Qayıdış konsepsiyası” layihəsi üzərində də işlər davam etdirilir. Geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Qeyd olunub ki, bu istiqamətdə beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac var. Tarixçilərin və tədqiqatçıların fikrinə görə, azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. Vurğulamaq lazımdır ki, azərbaycanlıların indiki Ermənistandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905-1920-ci illəri, ikinci mərhələ 1948-1953-cü illəri, üçüncü mərhələ isə 1988-1992-ci illəri əhatə edib. Deportasiya zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıblar. Qoca, uşaq və qadınların da daxil olduğu 140 min insan vəhşicəsinə qətlə yetirilib. Yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiya zamanı, 1988-ci ildə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlığı dağıdıb. SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə 2 mindən çox ad dəyişdirilib. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib. Dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən Stalinin göstərişi ilə həyata keçirilmişdi. Əgər Krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunsa da, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər. Bunun da məqsədi Ermənistanın "təmizlənməsi" idi. Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüb. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın, indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib. Məlumat üçün bildirək ki, ermənilərin deportasiyasına məruz qalan sonuncu türk kəndi - Nüvədi olub. Zəngəzurun Nüvədi kəndi Azərbaycan üçün olduqca strateji məsələdir. İllər öncə Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində bu məsələyə xüsusi toxunmuş, kəndin məhz 1929-cu ildə SSRİ tərəfindən zorla Ermənistana birləşdirildiyini vurğulamışdı. Azərbaycanla Naxçıvan arasında Ermənistana əvvəlcə 10 km-lik bir zolaq verildiyini, daha sonra isə həm Naxçıvan, həm də Zəngilan (Cəbrayıl qəzası) kəndlərinin Ermənistana bağışlanması nəticəsində bu zolağın 46 km-ə çatdırılmasını xatırlatmışdı. Ulu Öndər bu qanunsuzluğa etirazını bildirmişdi. Heydər Əliyev çoxminli Nüvədi kəndinin əhalisinin 1991-ci ilə qədər kəndi tərk etmədiklərini də xüsusi diqqətə çatdırmışdı. Prezident İlham Əliyev də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə sonuncu kəndimiz Nüvədinin 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldığını bəyan etmişdi. 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Fikrət Əliyev "Şərq"ə açıqlamasında Qərbi Azərbaycan İcmasına öz təkliflərini verdiklərini bildirib. Meğri rayonunun Nüvədi kəndindən olan Akademik vurğulayıb ki, dövlət başçısının bu istiqamətdə atdığı addımları, gördüyü işləri, qarşıya qoyduğu vəzifələri sözlə ifadə etmək mümkün deyil. Alim bəyan edib ki, Prezidentin qərarı tam zamanında verilib: 

"Cənab Prezident hər zaman deyir ki, o, hansı addımı nə zaman atacağını yaxşı bilir. Həqiqətən, vaxtında atılmış addımdır. Əgər Qarabağ məsələsi həll olunmamış, torpaqlarımız işğaldan azad edilməmiş Qərbi Azərbaycan məsələsinə gəlsəydik, iki problemin də həllinə nail olmayacaqdıq. Ancaq danışmaqla real iş görməyin arasında fərq böyükdür. Çox söz deyilə bilər, amma baxaq, görək ortaya qoyulan iş nədir. Şükür Allaha, artıq bu istiqamətdə əməli iş görülür. Proseslə bağlı təkliflərimizi də vermişik. Qərbi azərbaycanlıların deportasiyası, erməni yalanlarının ifşası elmi əsaslara söykənməlidir. Ermənilər illərdir dünyanı öz yalanları, uydurmaları ilə doldurublar. Qərbi Azərbaycanın "erməni torpağı" olduğunu iddia ediblər. Qeyd edim ki, Rusiyanın elmi mətbuatında anti-Azərbaycan təbliğatından məhrum edilmiş ermənilər alternativ yollara baş vurublar. Beynəlxalq "İran and the Caucasus" jurnalını təsis ediblər və bu jurnal 1997-ci ildə İrəvandakı İranşünaslıq Mərkəzi tərəfindən buraxılır. Jurnalda regionun tarixi, arxeologiyası, mədəniyyəti, folkloru, siyasi və sosioloji problemləri haqqında elmi işlər çap edilir. Nəşrin baş redaktoru və redaksiya heyətinin 6 üzvü ermənidir. Redaksiya heyətinə Türkiyə, Rusiya, Gürcüstan, İran, bir sıra Qərb ölkələrinin alimləri cəlb edilsə də, bu, sadəcə "beynəlxalq" görüntü yaratmaq məqsədi güdür. Çünki jurnalda çap olunan məqalələrin mütləq əksəriyyəti ermənilər tərəfindən yazılır. Məqalələrin mətni ilə tanışlıq onların anti-Azərbaycan ruhunda yazıldığını, tariximizi, dilimizi, etnoqrafiyamızı saxtalaşdırdığını sübut edir. Bu saxtakarlıq müasir Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmır. Həmçinin, Qərbi və Cənubi Azərbaycanın tarixi, ərazinin toponimləri ermənilərə sərf edən istiqamətdə yozulur və "təhlil" edilir. Bu işlər əsasən 2004-cü ildən, yəni jurnal "beynəlxalq" status aldıqdan sonra görülməyə başlanılıb. Məsələ barədə hələ 2011-ci ildə nəşr olunan "Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri" adlı kitabımızda yazmışdıq. Nə etməli olduğumuzu vurğulamışdıq". 

  Akademik bəyan edib ki, bir nömrəli vəzifəmiz odur ki, alimlərimizin məqalələri beynəlxalq müstəvidə yayılsın və dünya ictimaiyyətinin diqqətinə çatdırılsın: 

"Daxildə, yəni Akademiya və universitet ədəbiyyatlarında çap olunan elmi məqalələri heç kim oxumur, görmür. Əsas vəzifəmiz ermənilərin dünyaya yaydığı saxta məlumatları beynəlxalq elmi jurnallarda dərc olunan həqiqi məqalələrimizlə yalanlamaq, təkzib etməkdir. Dünya ictimaiyyətinə izah etməliyik ki, həqiqət elə deyil, ermənilər sizi aldadır, yalan yazırlar. Mən Qərbi Azərbaycandanam, Meğri rayonunun Nüvədi kəndindənəm. Bizim kəndin adı - Nüvədi (Nuh vadi)dir. Kəndin adını dəyişib, yazıblar - "Nrnadzorlar dərəsi". Bilirsiz, proses iki istiqamətdə getməlidir. İlk növbədə elmi cəhətdən əsaslandırmalıyıq. Atam Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” adlı kitabı çap olunub. Meğridə bir neçə kənd var və hər kəndin özünün şivəsi var. Əgər orada yaşayan azərbaycanlılar ermənilərin iddia etdiyi kimi "köçmə" olsaydılar, bu qədər şivə olmazdı ki?! Allah Ulu Öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət etsin. O vaxt bildirmişdi ki, atamın qələmə aldığı kitab Meğrini hər zaman Azərbaycanın etdi. Yəni Meğrinin azərbaycanlıların olduğunu sübuta yetirdi. Həmin kitabı dünyanın bir çox kitabxanasına, ABŞ-də Senatın kitabxanasına qədər göndərdik. Çünki alimlər qabaqda getməli və tarixi prosesləri elmi cəhətdən əsaslandırmalıdırlar. Artıq köhnə stereotiplər işləmir". 

  F.Əliyev vurğulayıb ki, ermənilərin Qərbi Azərbaycan haqqında beynəlxalq elmi jurnallarda çap olunmuş bütün məqalələrini tapmalı və hamısını təkzib etməliyik: 

"Bunu etmək üçün imkanlarımız var. Türkiyənin, Pakistanın, Malayziya və İndoneziyanın jurnallarında həqiqi elmi məqalələrimizi çap etdirə bilərik. Şükür Allaha, Prezident məsələni konkret şəkildə ortaya qoydu. Bir daha deyirəm, azərbaycanlıların deportasiyası və Qayıdış konsepsiyası elmi şəkildə əsaslandırılmalı və həqiqətlər dünya ictimaiyyətində yayılmalıdır. Dünya ilə əlaqələrimiz güclüdür. Artıq o buzu sındırmalıyıq. Alimlərimizin birinci vəzifəsi budur".