Aİ Ermənistana 2 illik müddətə missiya göndərəcək

Azərbaycanın razılığı olmadan ikinci missiyanın bölgəyə gəlməsi gərginlik yarada bilər

  Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar Ermənistana səfər edib. Səfərdə Ermənistan rəsmiləri ilə Laçın yolundakı durum və regional məsələlər müzakirə olunub. Vurğulanıb ki, Avropa İttifaqının məqsədi Ermənistanla Azərbaycan arasında hərtərəfli həll yoluna nail olmaqdır. Xatırladaq ki, Aİ-nin Cənubi Qafqaz üzrə təmsilçisi sonuncu dəfə ötən ilin dekabrında Ermənistana səfər edib. Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcəyini açıqlayıb. Ancaq bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək. Missiya fevralın 20-də fəaliyyətə başlayacaq. Eyni zamanda əvvəlki 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı deyilir. 

  Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti olaraq bölgədə yerləşməsi 10 noyabr sənədinə əsasən tərəflər arasında razılaşdırılıb. Ekspertə görə, ikinci bir missiyanın məsələyə razılıq olmadan qarışması gərginlik yarada bilər: 

"Ələlxüsus da Qərblə Rusiyanın münasibətlərinin gərgin olduğu bir dönəmdə bu addım qəbuledilməzdir. Ümumiyyətlə, biz istəyirik ki, bu məsələni kənar müdaxilələr olmadan özümüz həll edək. Söhbət Azərbaycan ərazisindən gedirsə, torpaqlarımıza üçüncü qüvvələrin qarışması məqbul hesab edilmir. Avropa İttifaqı prosesdə rol almağa çox həvəslidirsə, yaxşı olar ki, Ermənistana təzyiq göstərsin. Aİ çox gözəl bilir ki, Xankəndi yolundakı aksiyanın keçirilmə səbəbi Azərbaycan ərazisindəki sərvətlərin separatçılar və kənar güclər tərəfindən talanmasıdır. 

Ancaq Aİ və bənzər Qərb strukturlarından səs çıxmır. Görünür, hansısa Avropa şirkətlərinin də sərvətlərimizin talanmasında rolu var. Digər yandan hər bir missiyanın, komissiyanın yaradılması və fəaliyyəti qəti şəkildə Azərbaycanla razılaşdırılmalıdır. Çünki adətən belə qurumlar Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılmasından daha çox öz maraqlarına xidmət edirlər. 

Qərbin də etiraf etdiyi kimi, Qarabağ Azərbaycandır və Azərbaycanın daxilindəki hər hansı məsələni də bu dövlət özü həll etməlidir. O baxımdan yersiz müdaxilə, ələlxüsus da razılıq olmadan müdaxilə münasibətlərin kəskinləşməsinə səbəb ola bilər".