Ərdoğanın siyasi alternativi yoxdur

Müxalifət partiyaları üzərindən çox təhlükəli oyunlar oynanılır

Altı partiyanın reallıqda birləşməsi qeyri-mümkündür, çünki kənar müdaxilələr səbəbindən aralarında ciddi fikir ayrılıqları mövcuddur


  Türkiyədə seçkilərin tarixi bəlli olub. Prezident və parlament seçkiləri 2023-ci il mayın 14-də keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, baş verənlər fonunda seçkilər inqilab olacaq. Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini diqqətə çatdıran Ərdoğan bildirib ki, mərhum Adnan Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdı: "Millətimiz 73 il sonra bir daha eyni gün müstəmləkədə qalmaq həvəsində olanlara “Bəsdir!” deyəcək". Türkiyə lideri vurğulayıb ki, iş dünyasını təhdid edənlərə də layiqli cavab seçkilərdə veriləcək: 

"Ölkəmizin strateji sərmayələrini əngəlləmək arzusunda olanların xəyallarını qursağında qoyacağıq. Millətimizin gündəmindən tamamilə çıxartdığımız siyasi qeyri-sabitlik mühitinin yenidən dirçəlməsinə imkan verməyəcəyik. Hətta son bir-iki ayda baş verənlər də bu çürük strukturun xaos və böhrandan başqa heç nə vəd etmədiyinin sübutudur. Məqsədləri xalqa bir kövrək şəxsiyyəti prezident kimi qəbul etdirməkdir". Xatırladaq ki, Türkiyədə seçkilərin vaxtı iyunun 18-nə təyin olunmuşdu. Lakin dövlət rəsmiləri həmin tarixdə vətəndaşların müəyyən hissəsinin tətildə olacağı səbəbindən səsvermənin vaxtının irəli çəkilməsinin zəruriliyini demişdilər. 

Digər səbəblər də nəzərə alınaraq, seçki tarixi 14 maya çəkilib. Məlumat üçün deyək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə yanaşı Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu “Cümhur İttifaqı"nın namizədi Türkiyənin hazırkı Prezidenti Ərdoğandır. O, dəfələrlə müxalifəti öz namizədinin adını açıqlamağa çağırıb. Lakin "altılı masa"da birləşən müxalifət liderləri seçki tarixi təyin olunana qədər bunu etməkdən imtina ediblər. Məsələ ondadır ki, seçki tarixi bəlli olsa da, müxalifət düşərgəsi hələ də vahid namizədi müəyyən etməkdə çətinlik çəkir. Müxalifətin vahid namizədinin təyin olunmaması düşərgədəki fikir ayrılıqlarından, partiyalararası qarşıdurmalardan qaynaqlanır. Lakin "Gələcək" Partiyasının lideri, keçmiş baş nazir Əhməd Davudoğlu bildirib ki, müxalifət prezident seçkilərinə vahid namizədlə qatılacaq. Onun sözlərinə görə, altı partiyadan ibarət müxalifət blokunun niyyəti Türkiyədə keçiriləcək prezident seçkilərinə vahid namizədlə qatılmaqdır. 

  Türkiyədə seçki öncəsi yaşanan prosesləri "Şərq"ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Türkiyənin dövlətçilik ənənəsi yüzillər öncə formalaşıb. Professorun sözlərinə görə, seçki tarixi təsadüfən seçilməyib: 

"1950-ci ilin 14 may tarixi ölkənin demokratik seçki sisteminə keçidi kimi qəbul olunur. Seçki gününün simvolik olaraq həmin tarixə salınmasında müəyyən mesajlar var. Türkiyəyə beynəlxalq aləmdən, Qərb dünyasından ciddi basqılar, təzyiqlər edilir. Ərdoğanın sərgilədiyi mövqeyə, Türkiyənin qısa müddətdə dünya gücünə çevrilməsinə, iqtisadi dirçəlişinə, silah bazarına girməsinə və Turan ideyasına görə, Ankara siyasi-iqtisadi və hərbi təhdidlərlə üzləşir. Açıq etiraf etmək lazımdır ki, Türkiyəni dünyada öncül siyasət yeridən qüdrətli ölkəyə çevirən Ərdoğanın yeritdiyi müstəqil siyasət olub. Bu da Qərb tərəfindən qəbul olunmur və çoxsaylı hücumlar edilir. Müxalifətin "6-lı masası" təsadüf nəticəsində ortaya çıxmayıb. Həmin düşərgədə təmsil olunan bir neçə partiyanın arxasından Türkiyənin əleyhinə olan dairələrin maraqları boylanır". 

  C.Nuriyevin qənaətincə, müxalifət partiyaları üzərindən çox təhlükəli oyunlar oynanılır: 

"Altı partiyanın reallıqda birləşməsi qeyri-mümkündür, çünki kənar müdaxilələr səbəbindən aralarında ciddi fikir ayrılıqları mövcuddur. Ərdoğanın qarşısına güclü namizəd kimi çıxara biləcəkləri şəxs də tapılmır. İndiki məqamda müxalifət düşərgəsində Ərdoğanın siyasi alternativi yoxdur. 

Müxalif blokda söz sahibi olanlar və ona güvənərək aranı qarışdıranlar Cümhuriyyət Xalq Partiyasının və İYİ partiyanın rəhbərliyidir. Digər partiyaların əhali arasında etibarı, səs faizi, bazası çox zəifdir. Ortaya qoyacaq siyasi gücləri, iddiaları yoxdur. Bu partiyaların PKK-nın siyasi qolu sayılan HDP ilə təmasları seçicilərin etimadını ciddi zədələyən faktordur. Ehtimal ki, seçkidə Ərdoğan 55-60 faiz səs yığacaq. Böyük əksəriyyətin Ərdoğana dəstək verəcəyini düşünürəm. 

Müxalifətin qələbə qazanmaq şansı demək olar ki, yoxdur. Maksimum səs faizləri 20-25 arasıdır. Ən əsası odur ki, cənab Ərdoğanın Türkiyənin başında olması hər baxımdan Azərbaycanın da maraqlarına uyğundur".