Ankara israrlı görünür: Digər NATO ölkələrindən fərqli olaraq Türkiyə ABŞ-nin ruporu deyil


May ayında keçiriləcək seçkilər ərəfəsində Qərb dairələrinin hərəkətə keçməsi təsadüfi deyil

  Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzv olmaq üçün danışıqlar Ankaranın tələbi ilə qeyri-müəyyən müddətə təxirə salınıb. İsveç və Finlandiya arasında üçtərəfli mexanizm çərçivəsində növbəti görüş fevralda Brüsseldə keçirilməli idi. Lakin yanvarın 21-də radikal-sağçı Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırması gərginliyə və etiraza səbəb olub. Bundan əlavə, Stokholm hakimiyyəti yerli kürdlərə nümayiş keçirməyə və terrorçu PKK təbliğatı aparmağa icazə verib. Türkiyə Xarici İşlər Nazirliyi hadisəni İsveçin imzaladığı terror təşkilatlarının təbliğatının qarşısının alınmasına dair üçtərəfli memorandumun öhdəliklərinin pozulması adlandırıb. Qeyd olunub ki, Stokholmda Quranın yandırılması Avropada islamafobiya, irqçilik və ayrı-seçkiliyin səviyyəsindən xəbər verir. Türkiyənin milli müdafiə naziri Hulusi Akar da bildirib ki, Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın Ankara qarşısında öhdəliklərini yerinə yetirməsini və bu kimi hadisələrə “son qoymasını” gözləyir. Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, İsveçdə Quranın yandırılması ilə bağlı insidentdən sonra İsveç NATO-ya üzvlük məsələsində Türkiyə hakimiyyətinin dəstəyinə ümid edə bilməz. İddialar mövcuddur ki, Qərb İsveç və Finlandiyanın arxasında dayanacaq və Türkiyəyə qarşı təzyiqlər gücləndiriləcək. 

Politoloq Azər Niftiyev “Şərq”ə açıqlamasında bildirib ki, dünya əhalisinin 25 faizi müsəlmandır və islamafobiya bəşəriyyətə təhdid yaradır:

 “Ən dəhşətlisi odur ki, son dövrlər dünyada islamafobiya meyilləri ciddi şəkildə artıb və müxtəlif dövlətlər, beynəlxalq dairələr də buna rəvac verirlər. Yaxın tarixə nəzər yetirsək görərik ki, Qərb dairələri siyasiləşmiş cəmiyyətlər üzərində dini ayrı-seçkiliyi artırdı və nəticədə terrorun tüğyan etməsinə şərait yarandı. Bundan sonra islam və terror terminləri arasında rabitə yaratmağa çalışdılar. Bu ənənəvi siyasət bu gün də davam edir. Danimarkalı siyasi partiya rəhbərinin Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranı yandırması bunun bariz nümunəsidir. Onlar bu yolla milyardlarla müsəlmanın heysiyyəti ilə oynamaqla yanaşı, Türkiyəni də gözdən salmağa çalışırlar. Burada əsas məqsəd Türkiyəni islamçı dövlət kimi göstərmək, dünya dəyərlərindən uzaq düşdüyünü aşılamaq və daxildə nifaq toxumu səpməkdir. Bu mənada Türkiyə rəsmi dairələrinin son hadisəyə münasibəti adekvatdır. Rəsmi Ankara haqlı olaraq tələb edir ki, bu kimi ziyanlı və milyardlarla insanı aşağılayan rəftara son qoyulmalıdır”.
  Qərbin Türkiyəyə qarşı təzyiqlərindən danışan politoloq hesab edir ki, bu təzyiqlər nəticə verməyəcək: “Türkiyə milli maraqlara söykənən müstəqil siyasət yürüdür. Digər NATO ölkələrindən fərqli olaraq ABŞ-nin ruporu deyil və heç şübhəsiz, bu da öz növbəsində Qərb başbilənlərini qane etmir. Xüsusilə Rusiya ilə bağlı yürütdüyü siyasət, şimal qonşumuza qarşı embarqolara qoşulmaması ABŞ və Qərbi narahat edir. Qeyd etdiyim səbəblər üzündən Türkiyəyə qarşı illərdir təzyiqlər davam edir. May ayında keçiriləcək seçkilər ərəfəsində Qərb dairələrinin hərəkətə keçməsi təsadüfi deyil. Onlar bu cür “siyasi texnologiyalar”la Türkiyə iqtidarını geri çəkilməyə təhrik etmək istəyirlər. Yəqin ki, seçkiöncəsi fəallıqlarını daha da artıracaqlar. Lakin bir məqam da var ki, seçkilərin taleyinə Türkiyə xalqı aydınlıq gətirəcək. Daxili təxribatlar, dolayı təhdidlər seçkilərin nəticəsinə təsir etməyəcək. Düşünürdülər ki, seçkilərə bir neçə ay qalmış durumda Ərdoğan Qərbə qarşı ritorikasını yumşaldacaq və bu ədalətsizliklə barışacaq. Lakin göründüyü kimi, belə olmadı. Türkiyənin rəsmi dairələri prinsipial və ardıcıl mövqe nümayiş etdirdilər”.
  A.Niftiyev əlavə edib ki, İsveç baş verən hadisəyə görə Türkiyədən üzr istəməlidir: “Bir tərəfdən deyirlər ki, biz Quranı yandıraq, PKK-ya dəstək göstərək, sizin heysiyyətinizlə oynayaq, terror təşkilatına meydan tanıyaq, digər tərəfdən də dəstək istəyirlər. Bu, absurd yanaşmadır və rəsmi Ankara baş verənlərə adekvat münasibət ortaya qoyur”.