5 min üzv tələbi partiyalara problemlər yaradacaq




Mövcud 54 partiyadan təxminən 10-15 partiya 5000-dən artıq tərəfdar toplaya bilər

  Ötən ilin sonunda qəbul edilmiş “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Qeydiyyata alınmış siyasi partiyaların üzv sayı 4500-dən aşağı düşdükdə isə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. Reyestrin təqdim edilməməsi və ya yeni qanunda nəzərdə tutulmuş müddətlərə əməl olunmaması siyasi partiyanın təsis prosesinin yenidən başlanmasına səbəb olur. Həmçinin siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə Ədliyyə Nazirliyinə məlumat təqdim edilməlidir. Məlumat üçün deyək ki, əvvəlki qanunda partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət edirdi. 

  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, "Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər və qeydiyyata alınmaya görə 5000 üzv tələbi 10 milyondan çox əhalisi olan Azərbaycan üçün elə də böyük rəqəm deyil. Lakin partiya təmsilçisi hesab edir ki, mövcud siyasi fəallığı, təşkilatların maliyyə imkanlarının zəif olmasını, partiyaların dövlət strukturlarında və parlamentdə təmsilçiliyinin azlığını nəzərə alsaq, bəzi partiyalar üçün 5 min üzv şərti keçilməz hədd olacaq: 

"Düşüncəmə görə, mövcud 54 partiyadan təxminən 10-15 partiya 5000-dən artıq tərəfdar toplaya bilər. Digər bir reallıq odur ki, Azərbaycan kimi kiçik və münaqişə zonasında yerləşən bir ölkədə cəmiyyətin 54 partiyaya bölünməsi də anormal haldır. Çox güman ki, vəziyyəti nəzərə alanlar yararsız siyasi qurumları utilizasiya etmək qərarına gəliblər. Yaxşı olar ki, qeydiyyat zamanı radikal dini istiqamətli və separatizmə meyilli qüvvələrə güzəşt edilməsin. Ümid edək ki, gələcəkdə yenidən formalaşan siyasi partiyaların dövlətin idarəetmə strukturlarında təmsilçiliyi nəzərə alınacaq. Vəhdət Partiyası prosesə hazırdır və üzvlərin sayı məsələsində çətinliyimiz yoxdur. Hazırda bütün rayon təşkilatlarında üzvlərimizin sayı dəqiqləşdirilir. Bu səbəbdən partiya yanvar ayının əvvəlinə təyin edilmiş qurultayın vaxtını dəyişdirərək yaz aylarında keçirəcək. Partiyanın çox rahatlıqla təkrar qeydiyyat prosesini keçəcəyi heç kimdə şübhə doğurmasın". 

  V.Əfəndiyev vurğulayıb ki, hakimiyyətin idarə edilməsində fikir plüralizmi dövlətin inkişafına xidmət edən amillərdən olduğu üçün bu məsələyə xüsus diqqət yetirilməlidir:

 "Yeni siyasi ab-hava ilə seçki qanununa dəyişikliyin edilməsi labüddür. Konstitusiya dəyişikliyinə gedilərək ilk növbədə parlamentli-üsul idarəyə keçilməlidir və proporsional seçki sistemi bərpa edilməlidir. Parlament deputatlarının sayı da həm Qarabağda, həm də Naxçıvandakı dəyişiliklərlə əlaqədar olaraq müəyyən edilərək artırılmalıdır. 
  Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, təmsil olunduğu partiyanın sədri, millət vəkili Razi Nurullayev "Siyasi partiyalar haqqında" qanun layihəsinin lehinə səs verib. Partiya funksioneri hesab edir ki, qanun partiyaların inkişafına və təkmilləşməsinə müəyyən dərəcədə xidmət edəcək: "Milli Cəbhə Partiyasının tələb olunan üzv sayı ilə, reyestr və qeydiyyatla bağlı hansısa problemi yoxdur. Üzvlərimizin sayı kifayət qədər çoxdur və partiyaya yeni üzvlər cəlb olunmaqdadır. Rayon şöbələrimizin də sayı artır və aktiv şəkildə fəaliyyət göstərirlər. Fəaliyyətimizi yeni qanuna uyğun olaraq qururuq". 

  Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini, hüquq müdafiəçisi Xəzər Teyyublu isə müəyyən çətinliklərin olacağını istisna etməyib. Partiya təmsilçisi qeyd edib ki, "Siyasi partiyalar haqqında" qəbul olunmuş yeni qanuna əsasən, partiyalar 5000 üzv yığmalı və onların hamısını Ədliyyə Nazirliyində reyestrdən keçirməlidir. Bundan sonra partiya yenidən qurultay keçirməlidir:

 "Yəni əvvəldən qurultay keçirmiş partiyalar yenidən reyestr üçün yenidən hazırlanmalıdır. Təbii ki, bu məqam partiyalar üçün çətinlik yaradır. Hesab edirik ki, partiya üzvlərinin bütün xırda məlumatlar əks olunmaqla Ədliyyə Nazirliyində reyestrdə olmasına ehtiyac yoxdur. Çox əziyyətli işdir. Amma qeyri-mümkün deyil. Ölkənin tanınmış partiyaları, yerlərdə rayon şöbələri olan siyasi təşkilatlar üzvlük tələbi və reyestrlə bağlı ciddi problemlər yaşamayacaq. Ancaq ümumən düşünürük ki, qanundakı müəyyən məqamlar ortadan qaldırılsa yaxşı olar. Əvvəlcə qurultay keçirilsin, sənədlər qəbul edilsin, ondan sonra üzvlərin reyestri tələb olunsun. Ancaq reyestrdən sonra yenidən qurultayın tələb edilməsi anlaşılan deyil. Əslində partiya üzvləri haqqında bütün məlumatların müvafiq quruma təqdim olunması da məqsədəuyğun deyil. Fikrimizcə, bu tələb mövcud siyasi mühitdə partiya və üzvlər üçün təhdidlər yaradır. Xüsusən, rayon yerlərində insanlar belə məsələlərə ehtiyatlı yanaşır, çəkinirlər. Ona görə də qanunun sadələşdirilməsinə ehtiyac var".