Rusiyadan Aİ-nin missiyasına xəbərdarlıq 

Avropa İttifaqının Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər

“Ermənistana gələn Aİ missiyası həm də Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır”


  2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfərdən ibarət müşahidəçini Azərbaycan-Ermənistan sərhədinə göndərdi. Ötən ilin dekabrın 19-da, yəni iki ay sonra Ermənistandakı Aİ missiyasının mandatı bitdi. Bununla kifayətlənməyən Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verdi. Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq və operativ qərargahı isə Ermənistanda yerləşəcək. Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalı olsa da, Aİ fərdi qaydada missiyanı göndərmək qərarı aldı. Rusiyalı ekspert İqor Korotçenko bildirib ki, Avropa İttifaqının missiyası qanuni deyil və hüquqi nəticə verməyəcək. Onun sözlərinə görə, Cənubi Qafqaz birincisi, neft-qaz kimi resurslar baxımından, ikincisi isə logistika, o cümlədən nəqliyyat logistikası baxımından son dərəcə vacib regiondur: "Fransanın regiona həmişə marağı olub. Təbii ki, bunu Fransa və Ermənistanın mövcud siyasi elitaları arasındakı son dərəcə sıx münasibətlərlə əlaqələndirmək lazımdır. İrəvanın ucbatından Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası aparılmayıb. Bu səbəbdən Ermənistanın dövlət sərhədləri olmadığından, o, sərhədləri qeyri-müəyyən olan ölkədir. Ermənistan bu missiyanı dəvət etməklə tərkibini və müvəqqəti formatını genişləndirərək əlində Azərbaycana qarşı təzyiq vasitəsi kimi saxlamağı nəzərdə tutur. Bu vasitəni manipulyasiya etməklə, həmçinin Fransa və Aİ ilə tərəfdaşlıq etməklə özü üçün əlverişli siyasi, iqtisadi və hərbi mövqe qazanmağa çalışır". 
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda yerləşdiriləcək Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafına uyğun reaksiya verəcək. Rusiya XİN əminliyini ifadə edib ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, habelə Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri olaraq qalır: "Onlar Aİ müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafını nəzərə alaraq cavab verəcəklər". Rusiya XİN Aİ-ni regiona göndərəcəyi missiyanı Azərbaycanla razılaşdırmamaqda ittiham edib: 

"Əgər Brüssel səmimi-qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, Avropa İttifaqı öz missiyalarının işinin şərtlərini Azərbaycanla razılaşdırardı. Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər. Ermənistanın sərhədyanı ərazilərində Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri gərginləşdirə bilər. Bu həm də Aİ-nin Rusiyanın Cənubi Qafqazdakı vasitəçilik missiyasına maneçilik törətmək cəhdləri, erməni və azərbaycanlıların təməl maraqlarına və regionun sülhə qayıtmasına zərbə vurmağa qadirdir”. 

  Ekspertlərin fikrincə, Ermənistan hər zamankı isterikası ilə mümkün olan bütün missiyaları, vasitəçiləri bölgəyə cəlb etməyə çalışır və bunu “siyasi qələbə” zənn edir. İrəvan anlamır ki, reallıqlar dəyişib. Ermənistan üçün tək çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq və yaranan yeni reallığı qəbul etməkdir. Lakin Aİ-nin rəsmi Bakı ilə razılaşdırmadan belə bir missiya göndərməsi Azərbaycan- Ermənistan arasında münasibətlərin normallaşmasına heç bir fayda verməyəcək. 

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi məsələyə rəsmi münasibət bildirib. Qeyd olunub ki, missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməlidir. Yəni monitorinqlər qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməlidir: 

"Ermənistan Avropa İttifaqı Şurasının missiya yaradılması ilə bağlı qərarını müsbət qarşılayıb. İrəvan missiya ilə əməkdaşlıq edəcək və onun bütün fəaliyyətini dəstəkləyəcək. ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin çözülməsi üçün heç nə etmədi. 

Şübhə yox ki, Aİ-nın "mülki missiyası" formal və subyektiv bir hesabat hazırlamaqdan başqa heç nə etməyəcək. Ümumiyyətlə, iki illik "mülki missiya"nın hansı işlər görəcəyi tam bəlli deyil. Bəlli olan budur ki, Ermənistana gələn Aİ missiyası həm də Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır. Burada vacib nüanslardan biri də odur ki, Rusiya və Qərb arasındakı geopolitik qarşıdurma Ermənistan ərazilərində daha da dərinləşəcək. Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu ilə birgə avropalı missiya qrupunun fəaliyyəti müəmmalı görünür. Ermənistan xarici güclərin plastdarmı halındadır. Paşinyan hökuməti İrandakı mollakratiyadan Fransadakı lobbist siyasətçilərə qədər hər geopolitik burulğandan faydalanmağa çalışır".