Ermənistan Rusiya hərbçilərini ölkəsindən çıxarmağa çalışır

Bu, bütün region ölkələri üçün faydalıdır, amma Azərbaycanın bu oyunda iştirakına heç bir zərurət yoxdur

  Aİ-nin Ermənistana “mülki missiya” adı ilə keçmiş hərbçilərdən ibarət qüvvələrini yerləşdirməsi qərarının ardınca Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisinə də “eyni missiyanı” yerləşdirmək niyyətinə düşüb. Paşinyan bildirib ki, mövcud problemin həlli Qarabağ və Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiyanın yerləşdirilməsindən keçir: “Biz gərək bu istiqamətdə işimizi quraq. Hamımız Laçın dəhlizinin bağlanması və Qarabağda yaranmış humanitar böhranla bağlı çox emosionalıq". 

Ermənistanın hökumət başçısı qərəzli və əsassız iddialarında daha da irəli gedərək deyib ki, guya, Azərbaycan bu "təxribat" xarakterli hərəkətləri ilə sülh gündəmini, sülh danışıqları prosesini pozmağa, regionda yeni müharibəyə səbəb olmağa çalışır.

  Baş nazirin açıqlamasını "Şərq"ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib ki, Aİ-nin "mülki missiyası"nın bölgəyə Ermənistan tərəfindən gətirilməsi bizi o qədər də narahat etməməlidir. Partiya təmsilçisinin sözlərinə görə, bu, daha çox bölgədə təkbaşına nüfuzunu sürdürmək istəyən Rusiyanı narahat etməlidir və edir:

 "Bundan əvvəlki Aİ missiyası Ermənistandakı monitorinq zamanı hazırda həm erməni, həm də onların Avropadakı havadarları tərəfindən səsləndirilən Azərbaycanın əleyhinə olan heç bir faktı təsbit edə bilmədi. Zənnimcə, bundan sonra da edə bilməz. Azərbaycan öz ərazisinə hər hansı missiya buraxmamaqda haqlıdır. Ancaq Ermənistan ərazisində bu cür missiyanın mövcud olması isə bizim maraqlara zidd deyil. Laçın yoluna və ya digər ərazilərimizə dair qərarları isə nə Aİ, nə Rusiya, nə də Paşinyan verir. Azərbaycan regionun güclü həlqəsidir və Türkiyə kimi qüdrətli ölkə ilə ciddi əməkdaşlıq edir. Hesab edirəm ki, rəsmi İrəvanın Rusiya hərbi kontingentini öz ölkəsindən çıxarması cəhdləri başadüşüləndir. Bu, bütün region ölkələri üçün faydalıdır. Amma Azərbaycanın bu oyunda iştirakına heç bir zərurət yoxdur. Bizim ölkənin ərazisində yerləşmiş rus hərbi kontigentinin konkret hədəfi və müddəti var. Prioritet məsələ Qərbin müdaxiləsi olmadan bu məsələni strateji müttəfiqlərimizlə həll etməkdən ibarət olmalıdır".