Tehrana daha əfv olmayacaq


İranın terrorçu dövlət olduğunu dünya bir daha gördü

Səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycana qarşı hücumdur və buna görə cavab verilməlidir


  Dünən səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi - Orxan Əsgərovu şəhid edib. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan iki əməkdaşı isə yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hadisədən sonra xain hücumla bağlı araşdırma başlanılıb. Lakin İran tərəfi terror hadisəsini məişət zəminində baş vermiş hadisə müstəvisinə endirərək gülünc açıqlama verib.

Qeyd olunub ki, Azərbaycan səfirliyinə hücum edən şəxs şəxsi motivləri əsas gətirib. Tehranın polis rəisi Hüseyn deyib ki, o şəxs dindirilərkən ailə problemlərinə görə hücum etdiyini iddia edib. Lakin teraktı əks etdirən videogörüntülərin yayılmasından sonra polis rəisinin yalanları ifşa olunub. Hadisədən sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə olunub. Baş vermiş terror aktı Azərbaycan dövlətinin və ictimaiyyətinin kəskin reaksiyasına səbəb olub. Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma dair paylaşımında deyib ki, diplomatik nümayəndəliklərə terror hücumu qəbuledilməzdir: "Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik". 
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, İran Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinə dair müraciətlərimizə lazımi həssaslıq göstərməyib. Vurğulanıb ki, İran tərəfi "Diplomatik əlaqələr haqqında" Vyana konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi: "İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub. Bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik". 

  İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. 

  Hadisəni törədən şəxsin Yasin Hüseynzadə adlı İran vətəndaşı olduğu açıqlanıb. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Çox güman ki, Azərbaycan səfirliyinin əməkdaşı terrorçunu zərərsizləşdirib tutmasaydı, faciənin miqyası daha böyük olacaq, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi. Terrorçu hadisəni törədəndən sonra isə əlini-qolunu sallayıb oradan gedəcək, İran dövləti də aşkarda guya onun axtarıldığı bildirib, gizlində isə tapşırığı uğurla yerinə yetirdiyinə görə qəhrəman elan edəcəkdi. Lakin məhz Azərbaycan səfirliyinin əməkdaşının fədakarlığı sayəsində planlaşdırılan qətliamın həyata keçməsi mümkün olmayıb. İran tərəfinin ən müxtəlif səviyyələrdə verdiyi açıqlamalarda hadisəyə məişət donu geyindirməyə çalışması qeyd olunan arqumentləri daha da gücləndirir. Rəsmi Tehran unudur ki, motivindən asılı olmayaraq, səfirliyə hücuma görə məhz o məsuliyyət daşıyır. Çünki səfirliklərin mühafizəsi onların yerləşdiyi ölkələrin öhdəliyindədir. İran isə bu öhdəliyi nəinki yerinə yetirir, əksinə, diplomatik nümayəndəliklərə hücumlara özü şərait yaradır. İranın hər zaman terrora dəstək verdiyi bütün dünyaya məlumdur. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Uzaq 1829-cu il yanvarın 30-da tehranlılar çar Rusiyasının İrandakı səfirliyinə hücum edib, səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazakı qətlə yetirmişdilər. Qriboyedovun meyiti tanınmaz hala salınmışdı. 1979-cu ildə İranda özlərini "İmam Xomeyni yolçuları" adlandıran bir qrup tələbə ABŞ-nin Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüb, onları 444 gün girov saxlayıb. 2011-ci ildə yüzlərlə tələbə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edib, səfirliyin binasını ələ keçirib, pəncərələri sındırıb, səfirliyi talan edib. Növbəti oxşar hadisə isə 2016-cı ildə baş verib. İranda radikal kütlə tərəfindən Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun binaları yandırılıb. Bütün bunların ardınca, bu gün də Azərbaycan səfirliyinə silahlı hücum onu deməyə əsas verir ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Şübhə doğurmayan digər məsələ isə odur ki, İran baş vermiş terror aktı ilə bağlı araşdırmanı obyektiv aparmayacaq. 

Tehran polisinin rəisi, eləcə də İran Xarici İşlər Nazirliyinin açıqlamalarının bunun məhz belə olacağının anonsu hesab etmək olar. Hadisənin baş verdiyi andan terrorun ört-basdır edilməsi, terrorçunun qorunması, terrorun mahiyyətinin təhrif edilməsi üçün bir-birinin ardınca yalan məlumatlar və açıqlamalar yayan İranın bu xain hücumu obyektiv araşdırmayacağını bəri başdan əminliklə söyləmək olar.
  Millət vəkili Hikmət Babaoğlu deyib ki, İranda səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycana qarşı hücumdur və buna görə cavab verilməlidir. 

Deputatın sözlərinə görə, İran Azərbaycan səfirliyinə qarşı təşkil olunan hücumla bağlı rəsmi, dəqiq və məntiqli izahat verməlidir: 

"Terror hadisəsi təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda baş verən hadisələr kontekstində çox təhlükəli eskalasiyaların yaranmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı birinci dəfə təşkil olunan terror hadisəsi deyil. Bir müddət öncə Böyük Britaniyada Azərbaycanın səfirliyinə qarşı İran mənşəli radiklal qruplar tərəfindən  terror təşkil edilmişdi. Həmin vaxt da İran törədilmiş cinayətlə bağlı qaneedici və məntiqli izahat verməmişdi. Hadisəni radikal qrupların müstəqil aktı kimi qiymətləndirmişdi. Onsuz da regionda hadisələr çox mürəkkəbdir. Bu vaxta qədər İran rəsmilərinin regiondakı mümkün sülh və kommunikasiyaların açılması ilə bağlı qeyri-konstruktiv, radikal mövqeləri deməyə əsas verir ki, İran rejiminin müəyyən qurumları ilə bu hadisəni törədənlər arasında bir əlaqə ola bilər. Buna görə də bu məsələyə dəqiq aydınlıq gətirilməlidir. Araşdırma prosesinə azərbaycanlı mütəxəssislər cəlb edilməli, bənzər hadisələrin baş verməməsi üçün İran tərəfi rəsmi zəmanət verməlidir". 
  Deputat Bəhruz Məhərrəmov da bildirib ki, səfirliyə silahlı hücum hər şeydən öncə beynəlxalq hüququn pozuntusudur: "İnanmaq istəyirik ki, rəsmi Tehran belə bir hadisənin yaşanmasını arzu etməzdi. Lakin istənilən halda 1961-ci il konvensiyasına əsasən, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə kimi İran məsuliyyət daşıyır. Xüsusən, hüquq-mühafizə sisteminin, daxili nəzarət şəbəkəsinin güclü olduğu, az qala hər bir fərdin nəzarət altında olduğu bir ölkədən danışdığımızı da unutmamalıyıq. İkincisi, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. 

Yəni İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır. Məsələnin siyasi tərəfinə gəlincə, məlumdur ki, Prezident İlham Əliyevin müasir mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrətinin kimləri narahat etdiyi aşağı-yuxarı bizə bəllidir. İndiki həssas dönəmdə yalnız ermənini yox, onun havadarlarını da yerində oturtmağımızı çoxları həzm edə bilmir. 

Bu çərçivədə, İrandakı səfirliyimizə hücumun gerçəkləşdirilməsi Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəlik uğursuz təxribat cəhdinin davamıdır. Hesab edirəm ki, İran tərəfi səfirliyimizə çirkin hücumu pisləyən bəyanatla kifayətlənməyib ən qısa zamanda qəti addımlar atmalıdır".