Paşinyan mövqeyində qətidir

O, Rusiya və KTMT-nin yerinə Avropanı və Fransanı seçib


  Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatını şərh edib. XİN-dən verilən açıqlamada bildirilib ki, İrəvan KTMT missiyasının Ermənistana göndərilməsi istiqamətində işi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutur:

"Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”. Xatırladaq ki, Avropa İttifaqının xarici işlər nazirləri Ermənistanda "mülki missiya"nın yaradılmasını təsdiqləyiblər. Qeyd olunub ki, missiyanın məqsədi Ermənistanın sərhədlərində sabitliyi təşviq etməkdir: "Missiya planlı patrullar həyata keçirəcək və vəziyyət barədə hesabatlar təqdim edəcək". Məlumat üçün bildirək ki, missiyanın mandatı iki il olacaq və operativ qərargahı Ermənistanda yerləşəcək. Missiya heyətinin 200 nəfərdən ibarət olacağı deyilir. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Kreml Avropa İttifaqı missiyasına görə Ermənistan hökumətinin başçısından narazıdır: "Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verdi. Bildirdi ki, Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası faydalıdır. 

Digər tərəfdən Avropa İttifaqının missiyası Azərbaycanla razılaşdırılmadığına görə uğur qazanmayacaq. Nikol Paşinyan və Ermənistanın digər rəsmiləri Lavrovun açıqlamasını qulaqardına vurdular. Kreml növbəti dəfə İrəvanı xəbərdar etdi. 

Paşinyan isə mövqeyində qətidir. O, Rusiya və KTMT-nin yerinə Avropanı və Fransanı seçib. Kreml Paşinyanı cəzalandırmaq barədə düşünməlidir. Moskva üçün problem ondadır ki, Ermənistandakı tərəfdarları zəifdir və Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmirlər. Paşinyana ən böyük zərbə Kremlin Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə “Azərbaycanın razı olmayacağı halda Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək” şəklində bəyanat verməsi olar".