Paşinyanın mesajının detalı aydındır

Baş nazir Qarabağdakı ermənilərə demək istəyir ki, imkan düşən kimi qaçın


  Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanı erməniləri "kütləvi deportasiya" etməkdə günahlandırıb. Baş nazirin iddiasına görə, əgər indiyə qədər beynəlxalq ictimaiyyət Qarabağda ermənilərin "etnik təmizlənməsi" ilə bağlı narahatlıqlara şübhə ilə yanaşırdısa, indi bu təsəvvür beynəlxalq aləmdə yavaş-yavaş, lakin davamlı şəkildə güclənir: "Bakının planı belədir, Qarabağdakı iqtisadi və psixoloji təzyiqi müəyyən kulminasiya nöqtəsinə çatdırmaq. Sonra bir neçə gün dəhlizi açmaq, ermənilərin kütləvi şəkildə evlərini tərk etmələrini gözləmək. Ardınca dəhlizi yenidən bağlayıb, sonra onu bir neçə günlük açıb sonuncu erməni tərk edənə qədər belə davam etmək...". 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, erməni baş nazir bu ifadələri Bakını ittiham etmək və beynəlxalq diqqəti bölgəyə çəkmək üçün səsləndirib. Analitikə görə, burada səslənən iddianın əks-effekt perspektivi də görünür: 

"Nikolun bu sözlərindən sonra indiyə qədər İrəvanı qarant kimi görən Qarabağdakı ermənilər arasında bölgəni tərk etmək istəkləri arta bilər. Aksiyanın başlanmasından sonra “yol açılan kimi çıxmaq” meyilləri artıb. Paşinyanın sözlərindən də ermənilər üçün belə bir nəticə çıxır ki, yol açılsa belə, hər an yenidən bağlana bilər. Bu baxımdan, köçmək istəyənlər yolun ilk açılacağı vaxtda bölgəni tərk etməyə çalışacaqlar. Bu kontekstdə Paşinyanın “Bakının planı” dediyi iddiası ermənilərə “imkan yaranan kimi qaçın” mesajı kimi də səslənir".